Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi “Sülhün, dialoqun və tolerantlığın qorunmasında mədəni irsin rolu” adlı XV Beynəlxalq Multikulturalizm Məktəbi işini sentyabrın 27-də Ağdam şəhərində davam etdirib.
Multikulturalizm Məktəbinin iştirakçılarının erməni vandalizminə məruz qalmış Ağdam şəhərinə ekskursiyası təşkil olunub. İştirakçılar Ağdam Cümə məscidi, Şəhidlər xiyabanı, İmarət Kompleksini ziyarət edib, şəhərdə aparılan quruculuq işləri ilə tanış olublar.
Sonra tələbələr Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin böyük məsləhətçisi Ləman Əliyevanın “Azərbaycan mədəni irsinə qarşı vandalizm aktları” mövzusunda mühazirəsini dinləyiblər.
Məruzəçi torpaqlarımız işğaldan azad olunandan sonra burada aparılan bərpa və təmir işləri haqqında da məlumat verib. Ərazilərin minalardan təmizləməsi, şəhər və kəndlərin yenidən qurulması və mədəni abidələrin bərpası prosesində qarşıya çıxan çətinliklərdən bəhs edib. Mədəni irsin bərpasında beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.
Mühazirə XV Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları tərəfindən maraqla qarşılanıb. Sonra tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, XV Beynəlxalq Multikulturalizm Məktəbində 21 ölkədən - Azərbaycan, Rusiya, Türkiyə, Çin, Serbiya, Yaponiya, Qazaxıstan, Rumıniya, Moldova, Özbəkistan, Hindistan, Mərakeş, Bolqarıstan, Gürcüstan, Amerika Birləşmiş Ştatları, Qırgızıstan, İraq, Pakistan, Əlcəzair, Mozambik və Konqodan olan 30-a yaxın tələbə iştirak edir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi “Sülhün, dialoqun və tolerantlığın qorunmasında mədəni irsin rolu” adlı XV Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları bundan öncə Şuşada (25 sentyabr) və Laçında (26 sentyabr) olmuşdular.