Sentyabrın 26-da Mingəçevir Turizm Kollecində Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi ilə birgə 27 Sentyabr  - Anım Gününə həsr olunmuş “Yenilməz Ordumuzun unudulmaz, tarixi hesabı" adlı tədbir keçirilib.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Mərkəzi Aran RGİİ-nin rəisi Azad Gözəlov çıxış edib. O, Anım Gününün tarixi əhəmiyyətini qeyd edib, Mingəçevir Turizm Kollecinin hərbi vətənpərvərlik mövzusunda tədbirlərin təşkilinə xüsusi həssaslıqla yanaşmasını yüksək qiymətləndirib.

Sonra 44 günlük Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Kollecin direktoru Kamal Əhmədov çıxışında bildirib ki, 2020-ci ilin 27 sentyabr günü müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. İşğal altında olan torpaqlarımız qısa müddət ərzində şanlı Azərbaycan Ordusu tərəfindən azad edilib. Minlərlə Vətən övladı şəhidlik zirvəsinə yüksəlib. K.Əhmədov şəhid və qazilərimizin həyat yolunun gənclərimiz üçün əsl vətənpərvərik nümunəsi olduğunu diqqətə çatdırıb.

Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan mayor Pərviz Məmmədov 2-ci Qarabağ müharibəsi ilə bağlı xatirələrini bölüşüb.

Çıxış edən tələbələr Vətən müharibəsinin onların yaddaşında silinməz iz buraxdığını, müharibə gedişində yaşadıqları duyğuları tədbir iştirakçıları ilə paylaşıblar.

***

Sentyabrın 27-də Mingəçevir Turizm Kollecinin rəhbər, inzibati heyəti, müəllim və tələbələri Anım Günü ilə əlaqədar Mingəçevir Şəhidlər xiyabanına gələrək Vətən fədailərinin məzarları üzərinə tər çiçəklərə düzərək əziz xatirəsini ehtiramla yad ediblər.