Xəbər verdiyimiz kimi, Böyük Qayıdış proqramı üzrə Cəbrayıla ilk köç sentyabrın 26-da gerçəkləşib. 31 ildən sonra Cəbrayıl şəhəri doğma sakinlərinə qucaq açıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, ilk köç karvanında 36 ailə (117 nəfər) doğma yurda yola salınıb.

Sentyabrın 28-də daha bir köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan Cəbrayıla yola düşüb. Bu dəfə 41 ailə (124 nəfər) köçürülüb.

Sentyabrın 30-da isə növbəti köç karvanı ilə 40 ailə (123 nəfər) Cəbrayıl şəhərinə yola salınıb.

Beləliklə, indiyədək Cəbrayıl şəhərində 117 ailənin (364 nəfər) daimi məskunlaşması təmin edilib. O cümlədən 20 ailə Biləsuvar rayonu ərazisindəki köçkün şəhərciyindən Cəbrayıla qayıdıb.

Sakinlər şəhərdə yeni inşa olunan yaşayış kompleksində yerləşiblər.

Qeyd edək ki, 2021-ci il oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoyub.

Yeni evlərinə köçən sakinlər bu il ilk dəfə 4 oktyabr – Cəbrayıl Şəhərü Gününü doğma yurdda qeyd edəcəklər.