Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Nəsildən-nəslə teatr” layihəsi davam edir.

Layihə çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kiçik səhnəsində “Aktyorluq: təbiət və paradoks” mövzusunda seminar keçirilib.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

MEMİM-in direktor vəzifəsini icra edən, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov layihənin önəmi barədə fikirlərini bölüşüb.

Teatrşünas Dağlar Yusifin moderatoru olduğu panelin qonağı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti Nurəddin Mehdixanlı aktyor sənətinin təbiət-mədəniyyət əksliyinə dayanan mahiyyəti, nəzəri-praktiki əsasları, aktyorun yaradıcılıq psixologiyası, ənənə, müasirlik və yeni yaradıcı tendensiyalardan söhbət açıb.

Sənətkar bildirib ki, nə qədər istedadlı, fədakar gənclər varsa, teatr əbədi olaraq yaşayacaq. Onun sözlərinə görə, teatr insanları kamilləşməyə aparan yoldur.

Qeyd edək ki, seminarın məqsədi nəsillər arasında fikir və təcrübə platforması yaratmaqla Azərbaycanda teatr prosesinin inkişafına töhfə vermək, teatr sənətinə müasir beynəlxalq tendensiyaların tətbiqi, gənclərin bu sahəyə marağının artırılması və onların prosesə cəlb edilməsi ilə aktiv yaradıcı mühitin formalaşdırılmasıdır.

“Nəsildən-nəslə teatr” seminarları çərçivəsində teatr xadimləri ilə interaktiv görüşlərin davamlı təşkili nəzərdə tutulur.