Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2-8 oktyabr tarixlərində ölkəmizdə növbəti "Yaradıcı Həftə" keçiriləcək.
Sənət həftəsi Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın icrası çərçivəsində həyata keçirilən mədəniyyət və yaradıcı sənayelər sahəsində yerli və beynəlxalq mütəxəssisləri bir araya gətirən təşəbbüsdür.
Layihənin əsas məqsədi mədəniyyət və yaradıcı sənayelərin (MYS) vahid bir ekosistem kimi formalaşdırılması və bu sahənin bazar iştirakçılarının fəaliyyətinin dəstəklənməsi, eyni zamanda sahəvi klasterləşmənin təşviq edilməsidir.
"Yaradıcı Həftə"də müvafiq dövlət qurumlarının rəhbərləri, yaradıcı sektorun təmsilçiləri, beynəlxalq və yerli təşkilatların nümayəndələri, yüzlərlə yaradıcı şəxs, şirkətlər və ictimai birliklər iştirak edəcək.
"Yaradıcı Həftə" ərzində ölkəmizdə ilk dəfə olaraq "Baku Cinema Breeze" platforması çərçivəsində film festivalları, X Bakı Beynəlxalq Kitab Sərgisi və digər müxtəlif yaradıcı tədbirlər keçiriləcək.
Bu il “Baku Cinema Breeze” platforması (https://www.bakucinemabreeze.az/)çərçivəsində XV Bakı Beynəlxalq Film Festivalı, VIII "DokuBaku" Beynəlxalq Sənədli Film Festivalı, VII "ANİMAFİLM" Beynəlxalq Animasiya Festivalı, “Alove" Animatorların Akselerasiyası və Türk Animasiyası Festivalı kimi tədbirlər baş tutacaq.
Bundan əlavə, Azərbaycanda ilk dəfə Şərq və Mərkəzi Asiya Ölkələrinin Film Marketi də təşkil ediləcək.
Artıq 10-cu dəfə keçiriləcək Bakı Beynəlxalq Kitab Sərgisi (https://bakubookfair.az/az/main) isə ziyarətçilərə istehlakçılarla ünsiyyət qurmaq, rəqəmsal əsrdə ölkəmizdə kitab biznesinin necə inkişaf etdirilməsi ilə bağlı yerli və beynəlxalq təcrübə və ideyaları bölüşmək üçün ideal platformadır.
Qeyd edək ki, ölkəmizdə ilk dəfə 2023-cü ildə keçirilən “Yaradıcı Həftə” çərçivəsində ümumilikdə 20-yə yaxın tədbir (Mədəniyyət və Yaradıcı Sənayelər Forumu, Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi, “Musiqi sənayesi platforması”, “CINEMO” Mobil Film Festivalı, “GƏL, YARAT” Yaradıcılıq üzrə Marafonu və s.) keçirilib, 5000-dən artıq iştirakçı olub. 10-u yeni yaradılmış biznes subyekti olmaqla ümumilikdə 50-yə yaxın biznes subyekti, 80-ə yaxın xarici ölkə nümayəndəsi, 100-ə yaxın spiker tədbirlərə qatılıb.