“Euronews” telekanalı Azərbaycanın ən qiymətli tarixi-geoloji irsinin yerləşdiyi bölgə olan Qobustanın palçıq vulkanları və qədim qayaüstü rəsmləri haqqında süjet yayımlayıb.

Süjetdə bu məkana səyahət Mezolit dövrünün sonlarına aid 7 min heyrətamiz petroqlifin olduğu Qobustan Milli Tarix-Bədii Qoruğundan başlanır.

Tarixçilər hesab edirlər ki, bu yer qədim mağara sakinləri üçün mədəni məkan olub, burada ov mərasimləri və rəqslər təşkil edilib. Qobustan UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib və ziyarətçilərin bu ibtidai insanların həyatını təsəvvür edə biləcəyi açıq səma altında muzey kimi fəaliyyət göstərir.

“Euronews” telekanalının müxbiri Anka Ulea qoruqda keçirilən həmin mərasimlərdə musiqi aləti kimi xidmət etdiyi güman edilən içi boş daşlardan birində melodiya çalmağa çalışır, habelə Azərbaycanda indi də ifa olunan “Yallı” adlı ənənəvi rəqsi əks etdirən bəzi qayaüstü rəsmlərin yanından keçir.

Müxbir bundan Azərbaycanın ən yeni muzeyi olan və 2024-cü ilin yayında açılmış Palçıq Vulkanları Turizm Kompleksini ziyarət etmək üçün bu unikal məkana qısamüddətli səfər edir. Kompleksdə ziyarətçilərin palçıq vulkanlarını seyr edə biləcəyi açıq ərazi, eləcə də bölgənin müxtəlif yerlərindən heyvan skeletləri olan Təbiət Tarixi Muzeyi, rəsm və saxsı emalatxanaları var.

Süjetdə əraziyə baxış zamanı müxbirə bələdçilik edən şəxs Qılınc palçıq vulkanının yerində görünən mövcud palçıq vulkanlarının müxtəlif növlərini izah edir. Yekunda səyahətçilərin bu fərqli geoloji birləşmələrə daha yaxından baxmaq üçün elektriklə işləyən kvadrosikllərdə yanmış ərazidən keçməsini göstərən həyəcanverici kadrlar nümayiş etdirilir.