Azərbaycan Universiteti dahi șair və mütəfəkkir Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr olunmuş X Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək. 

Universitetin stendində, əsasən, bu təhsil ocağının nəşri olan dərslik və dərs vəsaitləri, elmi jurnallar, konfrans materialları, o cümlədən professor-müəllim heyətinin müəllifi olduğu nəşrlər yer alacaq.

Oktyabr ayının 2-də başlayacaq sərgidə müxtəlif ölkələrdən nəşriyyatlar, kitabsevərlər və ədəbiyyat mütəxəssisləri bir araya gələcək. Bu tədbir həm yerli, həm də beynəlxalq oxuculara kitab mübadiləsi və ədəbiyyat sahəsindəki ən son yenilikləri paylaşmaq imkanı yaradacaq.

Bildirək ki, Mədəniyyət Nazirliyi tərəfindən Bakı Ekspo Mərkəzində təşkil edilən sərgi oktyabrın 8-dək davam edəcək. Hazırda 19 ölkədən 47 xarici təşkilat, 100-dan artıq yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə sərgidə iştirak üçün qeydiyyatdan keçib. Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İrlandiya, Almaniya, Venesuela və digər ölkələrdən tanınmış yazıçı və şairlər, elm adamları, gənc yazarlar iştirak edəcəklər.