26-27 sentyabr tarixlərində Monteneqronun Podqoritsa şəhərində Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyası tərəfindən Monteneqronun Mədəniyyət Nazirliyi və Podqoritsa Aralıq dənizi Universiteti ilə birgə Kompendium Assosiasiyasının 7-cı Baş Assambleyası, Kompendium Ekspertlərinin Görüşü və Beynəlxalq Mədəniyyət Siyasəti Konfransı təşkil olunmuşdur.
Bu tədbirlərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyini Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdir müavini, Kompendium Assosiasiyasının Azərbaycan Respublikası üzrə eksperti Yaşar Hüseynli və Kompendium layihəsinin Azərbaycan Respublikası üzrə 1999-2005-ci illər üçün ilk eksperti, Beynəlxalq Musiqi Şurasının (UNESCO) Azərbaycan bölməsinin sədri Nigar Axundova təmsil etmişlər.
Albaniya, Almaniya, Avstriya, Azərbaycan, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Ermənistan, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İsveçrə, Latviya, Macarıstan, Malta, Monteneqro, Niderland, Norveç, Polşa, Portuqal, Serbiya və digər ölkələrdən olan Kompendium Assosiasiyasının ekspertləri, UNESCO, Avropa Şurası, İCOM. İFACCA, ERİCarts, EDUCULT kimi beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə təşkil olunan “Mədəniyyət Siyasəti. İnkişaf. Perspektivlər” loqosu altında keçirilən Beynəlxalq Mədəniyyət Siyasəti Konfransının sessiyalarında mədəniyyət siyasəti üzrə Avropanın aparıcı mütəxəssisləri “İnkişaf nə deməkdir? Təriflərin və Perspektivlərin araşdırılması”, “Mədəniyyət Siyasəti Kontekstində İnkişafın Sütunları”, “Kənara Baxış! / Mədəniyyət siyasəti cəmiyyətin inkişafının hərəkətverici amili” kimi fəlsəfi və nəzəri mövzular ətrafında peşəkar fikir mübadiləsi apardılar.
Növbəti gün təşkil olunmuş Kompendium Assosiasiyasının 7-cı Baş Assambleyası və Kompendium Ekspertlərinin Görüşü zamanı Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının 2023-2024-cü illər üçün illik fəaliyyət hesabatı, maliyyə hesabatları, Assosiasiyanın təşkilati və daxili məsələləri və gələcək perspektivləri müzakirə olundu, ölkələrini təmsil edən ekspertlər tərəfindən mütəmadi olaraq hazırlanan milli məruzələrdə mədəniyyət statistikasına, mədəniyyət sahəsində yeni texnologiyalarına, və ələlxüsus Süni İntellekt alətlərinə dair məqamların əks olunması məsələlərinə dair müvafiq qərarlar qəbul olundu.
Məlumat üçün bildirilir ki, Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu mədəniyyət siyasəti sahəsində müqayisəli təhlillər üzrə aparıcı beynəlxalq platformadır. Kompendium metodologiyasına əsasən Avropa ölkələri tərəfindən mütəmadi olaraq hazırlanan milli məruzələr müvafiq veb-portalda yerləşdirilir və mədəniyyət siyasətçiləri, tədqiqatçılar, müəllim-tələbə heyətləri və mədəniyyət ictimaiyyəti tərəfindən geniş istifadə olunur (https://www.culturalpolicies.net/database/search-by-country/).
Kompendium məlumat bazasının mədəniyyət siyasəti üzrə nüfuzlu beynəlxalq istinad mənbəyi olduğunu, mədəniyyət siyasəti sahəsində beynəlxalq təcrübədən bəhrələnmək, Azərbaycanda gedən mədəni-siyasi proseslər haqqında obyektiv informasiyanı dünya ictimaiyyətinə çatdırmaq kimi səmərəli imkanları nəzərə alaraq, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu platformaya 1999-cu ildən etibarən qoşularaq fəal iştirak edir və hal-hazırda Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının təşkilatçı-üzvüdür (https://www.culturalpolicies.net/about/our-members/).