AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Səfəvi tarixinə dair Venesiya Dövlət Arxivi və Marçiana Milli Kitabxanasında saxlanılan sənədlərin kataloqu”nun təqdimatı olub.

Təqdimatda bildirilib ki, kataloq-topluda Azərbaycan Səfəvilər dövlətinin tarixinə dair Venesiya Dövlət Arxivində və Marçiana Milli Kitabxanasında saxlanılan 240 arxiv sənədi haqqında məlumat yer alıb. Bir sıra arxiv sənədlərində tariximiz üçün əhəmiyyət daşıyan hissələr transkripsiya və italyancadan tərcümə olunaraq nəşrə daxil edilib.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrantı hesabına reallaşan layihənin rəhbəri “Elm və Təhsildə İnkişaf” İctimai Birliyinin sədri Sabit Quliyevdir. Kataloqun tərtibçisi, transkripsiya, italyancadan tərcümə, giriş və qeydlərin müəllifi tarix üzrə fəlsəfə doktoru, dosent Əhməd Quliyevdir. Elmi rəyçiləri tarix elmləri doktoru Tofiq Nəcəfli, tarix üzrə fəlsəfə doktorları Fərəh Hüseyn və Mübariz Ağalarlıdır.