X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Qazaxıstan Prezidentinin müşaviri, Qazax ədəbiyyatının tanınmış nümayəndəsi Malik Otarbayevin Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunan "Gözlədiyimiz xoşbəxtlik" kitabı oxuculara təqdim olunub.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxışında əsərin əhəmiyyətindən danışıb.
"Malik Otarbayevin qələmi həyat həqiqətlərini, insanların münasibətlərindəki incə və dərin duyğularını gözəl şəkildə əks etdirir. Hər bir obrazın hekayəsi daxili dünyamızın arzuları və gündəlik həyatımızın reallıqları arasındakı mübarizənin əksi kimi görünür", - deyə fondun prezidenti bildirib.
Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel çıxışında Malik Otarbayevin milli dəyərlərdən ilham alan bir yazıçı olduğunu deyib. "Biz çox xoşbəxtik ki, onun əsərləri Qazaxıstanın hüdudlarında da tanınır. Kitabın hər səhifəsi dəyərli fikirlərlə zəngindir", - deyə səfir qeyd edib.
Şairlər Əkbər Qoşalı, İntiqam Yaşar və digər çıxışçılar əsərin əhəmiyyətindən söz açıblar. Onlar kitabda təsvir edilən hisslər və insanı mənəvi cəhətdən zənginləşdirəcək düşüncələrin ümumən bəşər övladına ünvanlandığını diqqətə çatdırıblar.
Tədbir bədii hissə ilə davam edib.
Sonda müəllifin imza sessiyası keçirilib.