Oktyabrın 4-də Beynəlxalq Muğam Mərkəzində pianoçu Olqa Domninanın “Palitralar. Bəstəkarlar da rəssam kimi” adlı konserti keçirilib. Musiqi axşamı bu ilin avqustunda dünyasını dəyişən görkəmli Azərbaycan bəstəkarı Rəhilə Həsənovanın xatirəsinə həsr olunub.
Konsertdə musiqişünas alim, professor Zümrüd Dadaşzadə giriş nitqi ilə çıxış edib.
Gecənin proqramında Rəhilə Həsənova ilə yanaşı, Qara Qarayev, Fərəc Qarayev, Ayaz Qəmbərli və Elmir Mirzəyevin əsərləri səsləndirilib.
Olqa Domnina məşhur pianoçu, bir çox beynəlxalq müsabiqələrin qalibi, Qnesinlər adına Rusiya Musiqi Akademiyasının və London Kral Musiqi Akademiyasının məzunudur. O, solo konsertlərlə yanaşı, kamera və simfonik orkestrlərlə dünya səhnələrində çıxış edir. Olqanın konsert fəaliyyətində Azərbaycan bəstəkarlarının yaradıcılığı böyük yer tutur. Pianoçunun Azərbaycan musiqi sənətinə marağı o qədər böyükdür ki, onu milli musiqimizin təbliğatçısı adlandırırlar. O, artıq 10 ildən artıqdır ki, Siciliyada (İtaliya) yaşayır və Avropada konsertlər verir.
Olqa Domnina AZƏRTAC-ın müxbiri ilə söhbətində konsertə hazırlıq prosesindən danışıb: “Mən Azərbaycana tez-tez gəlirəm. Bakıya gələndə həmişə rahatlıq, xoş niyyət və qonaqpərvərliklə əhatə olunuram. Məni burada həmişə çox mehriban və qayğı ilə qarşılayırlar. Bakıda çıxış edəndə, zəif hazırlıqlı olmaq mümkün deyil. Çünki bütün təbiət səndən layiqli bir iş görməyi xahiş edir. Bakıdakı konsertlərdə həmişə əlimdən gələnin ən yaxşısını etməyə çalışıram”.
Pianoçunun sözlərinə görə, bugünkü konsertin proqramı “hörgü prinsipi” ilə hazırlanıb: “Çoxdandır ki, Rəhilə Həsənovanın əsərləri ilə bağlı nə edəcəyimi düşünürdüm. Çünki onlar çox gərgin, həm də olduqca intensivdir və geniş dinləyici auditoriyası belə tərzdə musiqiyə hazır deyil. Başa düşdüm ki, proqramı bir növ şaxələndirmək, digər mühüm azərbaycanlı müəllifləri də daxil etmək lazımdır. Bu proqram çox qəribə templə, sanki öz-özünə ərsəyə gəldi. Mən sadəcə bunu müşahidə edirdim, hərdən dostum Fərəc Qara oğlu Qarayevə zəng edirdim. Onunla bu “hörgünün” öz-özünə hörülməsi prosesini birlikdə izlədik. Nəticə etibarı ilə bu, sadəcə konsert deyil, bir tamaşaya çevrildi”.
“Mən Rəhilə Həsənova ilə bağlı hər şeyi taleyin hökmü ilə əlaqələndirə bilərəm. Onun musiqi notlarını əlimə alanda anladım ki, həqiqi brilyant tapmışam. Onun səviyyəsi inanılmaz dərəcədə yüksək, həll etdiyi mövzular çox böyük və sərbəstlik məkanı heyrətamiz idi. Rəhillə xanımın musiqisi ilə konsertlərə hazırlaşmaq çox çətindir. Çünki belə nəhəng enerji buraxılışına çox diqqətlə hazırlaşmaq lazımdır. Mən hələ də bu bəstəkarın əsərlərindən ibarət konsertlərə hazırlaşmaq üçün öz yolumu axtarıram. O, müəyyən mənada Azərbaycan musiqisinin bütün tarixini, o cümlədən müasir bəstəkarları yenidən gündəmə gətirdi və qədim Azərbaycana qayıtdı. Bu cəhət çox maraqlıdır. Mənim üçün o, böyük sənətkarlardan biri idi. Eyni zamanda, çox təvazökar və gündəlik həyatda olduqca sadə bir insan olub. O getdi və mən ona heç vaxt vermədiyim bir neçə sualla baş-başa qaldım... Amma indi də ondan cavab almağa çalışacağam, çünki onun musiqisi yüksək mənəviyyatlıdır!”, - deyə Olqa Domnina vurğulayıb.