Dmitri Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasının kiçik zalında Azərbaycanın Əməkdar artisti, opera müğənnisi Elnarə Məmmədovanın yubiley vokal gecəsi keçirilib.

Proqramda digər müəlliflərin əsərləri ilə yanaşı, Azərbaycan bəstəkarları Qara Qarayev, Arif Məlikov və Fərhad Bədəlbəylinin əsərləri də yer alıb.

Elnarə Məmmədovanın duetdəki həmkarları Mariinski Teatrının solisti, Tatarıstanın qızıl səsi Yaramir Nizamutdinov və Azərbaycanda sevilən metso-soprano Yana Melikayeva olub.

Vokalçıları royalda Mariinski Teatrının konsertmeysteri Yelena Samarina müşayiət edib.

Konsertdən sonra təəssüratını ifadə edən Elnarə Məmmədova deyib: “Sankt-Peterburqda tamaşaçılar çox ciddidir – Rusiyanın mədəniyyət paytaxtı olması təsadüfi deyil. Çıxışdan sonra tamaşaçılar yanıma gələrək konsertə görə təşəkkür edirdilər. Repertuar fərqli idi. Rusiyalı həmkarlarla da gözəl əməkdaşlıq oldu. Yana Melikayeva ilə çoxdan tanışıq, Yaramir Nizamutdinovla isə bu yaxınlarda tanış olmuşuq. Onlarla əməkdaşlığa görə şadam...”.