Laçının “MDB-nin mədəniyyət paytaxtı” elan edilməsi Azərbaycan xalqı tərəfindən minnətdarlıqla qarşılanıb
Oktyabrın 8-də Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb. Birgə foto çəkdirilib.
Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası olub.
İclasda çıxış edən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan edilib.
“Laçın Azərbaycanın otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının “MDB-nin mədəniyyət paytaxtı” elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb”, – deyə İlham Əliyev bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, növbəti il Azərbaycan III MDB Oyunlarına da ev sahibliyi edəcək. Gəncə şəhəri “MDB-nin idman paytaxtı” olacaq. Yarışlar Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək.
Prezident həmçinin xatırladıb ki, bir aydan sonra Bakı ən böyük beynəlxalq tədbirə – COP29 iqlim konfransına ev sahibliyi edəcək: “Biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndiririk”.
MDB dövlət başçılarının iclasında İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı müraciətin qəbul ediləcəyini deyən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ümumi qələbəmizə sanballı töhfə verib: “Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib... Azərbaycanda 130 növdən çox silah, sursat və texnika istehsal edilirdi... Bakıda 41 hərbi hospital fəaliyyət göstərirdi, 440 min yaralı müalicə alırdı. 1942-ci ildə Taqanroq adı ilə tanınan 416-cı Azərbaycan atıcı diviziyasının döyüşçüləri Şimali Qafqazdan başlayan döyüş yolunu Berlində başa çatdırdılar. Azərbaycan atıcı diviziyası 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil oldu...”.
Dövlətimizin başçısı vurğulayıb ki, 9 May – ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir. Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir və bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək.
İlham Əliyev çıxışında Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini vurğulayıb və bildirib ki, əldə olunmuş razılaşmaların həyata keçirilməsi gələcəkdə münasibətlərin ardıcıl inkişafına xidmət edəcək.
Azərbaycan rəhbəri, həmçinin Tacikistan Respublikasının növbəti il MDB-də sədrliyə başlaması münasibətilə Prezident Emoməli Rəhmona uğurlar arzulayıb.
***
Sonra MDB Dövlət Başçıları Şurasının iclası işini geniş tərkibdə davam etdirib.
Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirib.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko 1941–1945-ci illər müharibəsində Qələbənin 80 illiyi ilə bağlı MDB xalqlarına və dünya ictimaiyyətinə birgə müraciəti oxuyub.
Çıxışlardan sonra sənədlər imzalanıb. Bununla da MDB Dövlət Başçıları Şurasının iclası başa çatıb.