26 sentyabr – 30 oktyabr tarixlərində Pakistanın Kəraçi şəhərində ilk dəfə Dünya Mədəniyyət Festivalı keçirilir.

“Art Council Pakistan”ın təşkilatçılığı ilə “Sərhədsiz dünyanı yaşayın” devizi altında reallaşan festivala ABŞ, Fransa, İspaniya, İtaliya, Ukrayna – ümumilikdə 40 ölkədən 450-dən çox sənətçi qatılıb.

Zəngin proqramı olan festival çərçivəsində konsertlər təşkil edilir,  teatr tamaşaları, sərgilər nümayiş etdirilir, eyni zamanda sənətin müxtəlif sahələri ilə bağlı seminar, ustad dərsləri keçirilir.

Festivalda ölkəmizi Əməkdar artistlər – Beynəlxalq Muğam Mərkəzinin direktoru tarzən Sahib Paşazadə və mərkəzin solisti, nağara ifaçısı Kamran Kərimov təmsil edib. Musiqiçilərimiz festivalda “Art Council Pakistan”ın dəvəti ilə iştirak ediblər.

Açılış günü ifaçılarımız maraqlı proqramla səhnəyə çıxıblar. Onlar sentyabrın 28-də Kəraçidəki İncəsənət Universitetində milli musiqi alətlərimizlə bağlı ustad dərsi də keçiblər. Sənətçilərimizin ifasında konsert proqramı alqışlarla qarşılanıb. Proqramda Azərbaycan muğamları, digər musiqi nümunələri ilə yanaşı, Pakistanın görkəmli musiqiçisi Nüsrət Fateh Ali Xanın məşhur “Qavvali” əsəri də səslənib.

Lalə