11 ölkədən ifaçı və kollektivlər bir araya gələcək
Oktyabrın 17-dən 27-dək Bakı payızında yenə caz havası olacaq.
XIX Bakı Caz Festivalı müxtəlif ölkələrdən tanınmış ifaçıları bir araya gətirəcək. Festivalda Braziliya, İsveç, Çexiya, Rumıniya, Kuba, Fransa, Almaniya, Moldova, İsrail, İtaliya caz ifaçıları ilə yanaşı, azərbaycanlı musiqiçi və kollektivlər də çıxış edəcəklər.
Festival çərçivəsində “Moving Sketch” adlı rəsm sərgisi, “Best World Jazz Foto” sərgisi, aktyor, rəssam Bəhram Bağırzadənin uşaqlar üçün “Caz” kitabının təqdimatı, dünya caz ulduzları ilə görüşlər, eləcə də “İpək üzərində caz” qurama ekspozisiyası təşkil olunacaq.
Festivalın açılış günü, oktyabrın 17-də Munir Hossn&Elas (Braziliya) çıxış edəcək. Festivalın konsert və təqdimatları Jolly Joker, Beynəlxalq Muğam Mərkəzi, Milli Konservatoriya, ADA Universiteti və Caz-klubda təşkil olunacaq.
Paytaxtımızın caz ənənələrinə öz töhfəsini verən festival mədəni həyatımıza qızılı əhval bəxş edəcək.