Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin oktyabrın 11-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən konserti “Sələflər və xələflər” adlanıb.

Proqramda Qara Qarayevin “Don Kixot” simfonik qravürləri, Firəngiz Əlizadənin “Nizami fəzası”, Dmitri Şostakoviçin violin və orkestr üçün 1 saylı konsert (a moll, op.77) əsərləri səslənib.

Konsertdən əvvəl sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı çıxış edərək proqram barədə dinləyiciləri məlumatlandırıb.

Bədii rəhbər və baş dirijor Əməkdar artist Fuad İbrahimovun idarə etdiyi konsertin solisti Sergey Doqadin (violin, Avstriya) olub.

XX əsrin və dövrümüzün üç görkəmli bəstəkarının əsərlərindən ibarət konsert alqışlarla qarşılanıb. Tamaşaçılar arasında olan Xalq artisti, professor Firəngiz Əlizadəyə gül dəstələri təqdim olunub.