“İndinin özündə də öyrənirəm və buna can atıram. Çünki hər bir əsər üzərində işləmək dirijordan böyük zəhmət və bilik tələb edir”

 

Musiqi insanlarda gözəl duyğular, lirik və coşqun hisslər, xoş ovqat və bədii zövq aşılayan incəsənət növü olmaqla bərabər, həm də müxtəlif istiqamətləri özündə əks etdirir. Hələ ki, digər musiqi istiqamətlərinin adını çəkməyək. Çünki məqsədimiz musiqinin klassik janrlarını özündə ehtiva edən və yüksək professionallıq tələb edən dirijor sənətindən və onun mahir təfsirçisindən bəhs etməkdir.

Dirijor sənəti haqqında danışarkən öncə maestro Niyazinin xidmətləri yada düşür. O Niyazi ki, dahi Üzeyir Hacıbəylinin tövsiyələrindən bəhrələnərək böyük istedadı ilə musiqi tariximizdə silinməz izlər qoyub.

Haqqında söhbət açacağımız görkəmli sənətkarımız Xalq artisti, professor Fəxrəddin Kərimov da Niyazi irsinə sadiq qalaraq Azərbaycan dirijorları içərisində öz üslubunu yaradıb. Onun peşəkar dirijor kimi formalaşmasının təməli, fitri istedadı ilə yanaşı, aldığı mükəmməl musiqi təhsili ilə bağlıdır. Mükəmməl musiqi təhsili isə oxuduğu Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin skripka sinfindən başlayır.

Oxucularımıza Fəxrəddin Kərimovun həyat və yaradıcılığı barədə qısa məlumat vermək məqamında onunla söhbətimizdən bəzi fikirlərini qələmə alırıq: “Mən xoşbəxtəm ki, Bakıda Bülbül adına məktəbi bitirmişəm. Sonra P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasına daxil olaraq 1978-ci ildə oranı da uğurla başa vurmuşam. Bakıya döndükdən sonra bir müddət Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrində konsertmeyster kimi fəaliyyət göstərmişəm. Ən böyük uğurum da o oldu ki, Sankt-Peterburqda opera və simfonik orkestr dirijoru ixtisasına yiyələnmişəm. Bütün bunlar həyatımın ən gözəl şanslarıdır. Çünki bu minvalla dirijorluq sənətinin sirlərinə nail olmuşam...”.

Maestronun sözlərinin davamı olaraq biz də bir sıra məqamları diqqətə çatdıraq.

Fəxrəddin Kərimov 1982–1988-ci illərdə N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyasında opera və simfonik orkestr dirijoru ixtisası üzrə V.A.Gergiyev və professor İ.A.Musinin sinfində təhsil alıb. Sonra Bakıya qayıdaraq Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dirijor olaraq çalışır. Yaradıcılığını zənginləşdirmək və sənətini də kamilləşdirmək amalı ilə o, yenidən Sankt-Peterburqa gedərək 1989–1991-ci illərdə S.M.Kirov adına Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Mariinski Teatrı) dirijorluq təcrübəsi keçir. Bu dövrdə teatrda baş dirijorun assistenti kimi çalışıb, müstəqil dirijor kimi isə C.Verdinin “Trubadur” operasının musiqi rəhbəri olub. Bu illər yaradıcılıq dövrü olaraq ona yeni uğurlar gətirir. Bu uğurlu yaradıcılıq yolunun Türkiyə səhifələri də var.

1991–2004-cü illər Fəxrəddin Kərimov Türkiyədə fəaliyyət göstərir. Memar Sinan Universitetindəki (İstanbul) konservatoriyada simfonik orkestrin dirijoru kimi çoxlu sayda konsertlər verməklə yanaşı, müxtəlif beynəlxalq festivallarda da iştirak edib. Onun rəhbərliyi ilə ilk dəfə olaraq solistlər, xor və tələbə orkestrinin gücü ilə Adnan Sayqunun “Yunus Əmrə” oratoriyası səslənib, İstanbul Opera və Balet Teatrında bir sıra operalar tamaşaya qoyulub. 1995-ci ildə İstanbul Bələdiyyəsinin dəvəti ilə Camal Rəşid Rey konsert salonunda simfonik orkestr yaradıb və ona rəhbərlik edib.

Fəxrəddin müəllimin Türkiyədəki fəaliyyəti həm onun, həm də qardaş ölkənin musiqi həyatının parlaq səhifələridir. Bu dövrdə o, Rusiya, Belarus, Gürcüstan, İsveçrə, Niderland və başqa ölkələrdə konsertlər verib, dəfələrlə Türkiyənin aparıcı simfonik və kamera orkestrlərini idarə edib.

2004-cü ildə Bakıya qayıdaraq yenidən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrində dirijorluq fəaliyyətini davam etdirir. Bu orkestrlə çoxlu sayda konsertlər verərək ifa olunan əsərləri öz təfsirində təqdim edir. 

Bu yerdə maestronun söhbətinə qayıdaq. Çünki onun söylədiyi fikirlər əsl sənət dərsidir: “Zəngin repertuar təbii ki, təcrübə ilə əldə olunur, təcrübənin isə əsasını təhsil təşkil edir. Bunlar bir-biri ilə vəhdətdədir. Təcrübə və təhsil, amma öndə duran təhsildir. Çünki nə qədər istedad, istək, maraq və bu kimi amillər olsa da, onları inkişaf etdirmək üçün mütləq təhsil almaq lazımdır. Mənim arzum idi ki, bu sahədə mükəmməl təhsil alım və buna da nail oldum. İndinin özündə də öyrənirəm və buna can atıram. Çünki hər bir əsər üzərində işləmək dirijordan böyük zəhmət və bilik tələb edir. Yalnız musiqini deyil, fəlsəfəni də, etika-estetikanı da, tarixi, ədəbiyyatı da bilməlisən ki, təqdim olunan əsərlərin musiqi dili ilə bahəm onların bədii təsirini də tamaşaçıya orkestrdə düzgün çatdırasan. Bütün bunlar da mükəmməl təhsillə bağlıdır.

Məsələn, Bakıda opera və simfonik orkestr dirijoru yetişmir. Burada yalnız xor dirijorluğu və xalq çalğı alətləri orkestri üçün dirijorlar yetişir. Amma opera və simfonik orkestr dirijoru artıq başqa istiqamətdir. Və yaxud Qərb musiqi alətlərinin ifaçılığı da eynən buna bənzəyir. Məsələn, bizdə tar, kamança, xanəndə sənəti daha mükəmməl öyrənilir, çünki onların kökü burdadır. Həmçinin bizim yaxşı skripkaçılar, pianoçular, nəfəs alətləri və s. musiqi alətlərində ifaçılarımız var, amma etiraf etməliyik ki, bunlar bizə gəlmə alətlərdir. Nə qədər bizdə mükəmməl təhsil olsa da, hər halda, onların, yəni o alətlərin hər birinin öz vətəni var. Amma bizim ən böyük uğurumuz odur ki, bu alətləri düzgün mənimsəyə və ifa edə bilirik. Bunu deməkdə məqsədim budur ki, daha yüksək peşəkarlıq əldə etmək üçün təcrübəli müəllimlərdən dərs almaq və gecə-gündüz öz üzərində işləmək lazımdır. Bizim sahəyə gəlincə isə, opera və simfonik dirijoru mütləq bu sahənin biliciləri tərəfindən yetişməlidir. Klassik əsərlərin interpretasiyası üçün bu çox vacib məsələdir”.

Fəxrəddin müəllim fikirlərini söylədikcə mənim nəzərimdə onun fəaliyyəti canlanır. Simfonik və kamera orkestrlərində onun dirijorluğu ilə rəngarəng konsert proqramlarını izləmişəm. Hətta elə dünya klassikləri var ki, onların əsərləri Bakıda ilk dəfə Fəxrəddin Kərimovun təşəbbüsü ilə səslənib. O, biz musiqişünasları da həmin əsərlər haqqında çıxış etməyə sövq edib. Konsert öncəsi bu əsərlər haqqında tamaşaçılara məlumat vermişik. Bu cəhət onun insanların maariflənməsi istiqamətindəki mühüm fəaliyyətinin göstəricisidir.

Maestro 2009-cu ildən Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” beynəlxalq festivallarının açılış və bağlanış konsertlərində simfonik və ya kamera orkestrlərinə dirijorluq edib. 2009-cu ildə festivalın bədii rəhbəri Xalq artisti, professor Firəngiz Əlizadənin ideyası əsasında tərtib olunan konsertlərdə simfonik və xalq çalğı alətləri orkestrlərinin bir səhnəni bölüşərək muğam və dünya klassiklərinin əsərlərinin uğurla ifasında da Fəxrəddin Kərimovun mühüm xidmətləri vardı. Bu uğurların da mənbəyi, onun qeyd etdiyi kimi, istedad, savad və zəhmətdir.

Bu yerdə yenə sənətkarın tövsiyələrini də qələmə alırıq: “Bizim sahə çox çətin və məsuliyyətlidir. Məsələn, türklər dirijora yönətmən deyirlər. Deməli, dirijor orkestrin ifaçıları üçün də, qulaq asanlar üçün də düzgün interpretator olmalıdır. Burada hisslər deyil, düşüncə əsas amildir. Bu da peşəkarlıqla bağlıdır. Təbii ki, hər kəs də öz qabiliyyətinə görə düşüncə sahibidir. Mən çox şadam ki, bizim yüksək düşüncəyə malik peşəkarlarımız var. Onlar musiqinin müxtəlif sahələrində çalışırlar. Məsələn, Üzeyir Hacıbəylidən başlayan musiqi xadimlərimiz Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov və digərləri, eləcə də bu gün dünyaşöhrətli bəstəkarımız Firəngiz Əlizadə, onun beynəlxalq müsabiqələrdə münsiflər heyətinə rəhbərlik etməsi – bütün bunlar musiqi tariximizin böyük uğurudur. Bu uğurlu yol layiqincə davam etdirilir. Amma, yenə də azdır. Mən arzu edirəm ki, bizdə peşəkarların sayı daha çox olsun. Yalnız Bakıda deyil, respublikamızın digər şəhərlərində simfonik və kamera orkestrləri olsun, opera və balet teatrları açılsın. Peşəkar kadrların sayı artsın. İncəsənəti necə gəldi təbliğ etmək olmaz. Əsl peşəkar, istər dirijor, istər ifaçı və s. olsun – musiqini öz daxilindən keçirib onu dinləyiciyə ötürməlidir. Bizim belə musiqiçilər yetişdirmək üçün hər cür potensial imkanlarımız var. Sadəcə, bu imkanlardan doğru, düzgün istifadə etməli və ustadların ənənələrinə düzgün riayət etməliyik...”.

Əziz oxucular, zənnimcə, musiqini peşəkarlıqla təqdim edən maestro fikirlərini də gözəl söylədi. Biz də onun maraqlı düşüncələrini sizinlə bölüşdük. Həmişə orkestrin önündə dayanaraq ifaçılarla tamaşaçılar arasında bir bağlılıq yaradan, onları musiqinin cazibəsinə yönəldən Fəxrəddin Kərimovla oxucular arasında biz də bir mənəvi körpü salmağa çalışdıq. Bu mənəvi körpünün dayağı da elə Xalq artisti, professor Fəxrəddin Kərimovun böyük istedadı və fədakar əməyi sayəsində formalaşan zəngin yaradıcılığıdır. Yaşadığı illər ərzində bu yaradıcılıq ona çox uğurlar gətirib. 70 illik yubileyində də ona yeni uğurlar və cansağlığı arzulayırıq.

Səadət Təhmirazqızı
sənətşünaslıq üzrə fəlsəfə doktoru