“Teatr binaları” silsiləsindən

 

Köhnə əyyamlarda teatr tamaşasını, bizim bugünkü düşüncəmizlə konsert proqramlarını daha çox insan eşidib görsün deyə, ilk teatr-konsert səhnələri elə açıq havada qurulub. Tarixi bizim eradan öncə başlayan neçə-neçə qədim açıq hava teatrını misal çəkə bilərik. Azərbaycanda Aspendos (Türkiyə), Dionis (Yunanıstan), Taormina (İtaliya), Merid (İspaniya) kimi qədim şəhər teatrları olmasa da, ölkəmiz son yüzilliklərdə dəbə minən yaşıllıqlar içində açıq hava teatrından xali deyil.

Söhbət Bakı buxtasının təbii amfiteatrını bir qədər də gözəlləşdirən Yaşıl teatrdan gedir. Düzdür, Yaşıl teatradək də yaxın-uzaq ölkələrdə belə teatr-konsert müəssisələri qurulmuşdu… Rusiyanın Moskva, Soçi, Latviyanın Yurmala şəhərlərindəki yaşıl teatrlar, Polşanın Sopot şəhərindəki “Meşə operası” adlı açıq hava konsert salonu kimi teatrlar da yaşca bizim Yaşıl teatrdan böyükdür. Lakin formaca, ideyaca oxşarlıq mühüm deyil, əsas olan məzmundur.

Bakının gözəli Yaşıl teatr ötən əsrin altmışıncı illərinin məhsuludur. 1959-cu ildə şəhərin Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, indiki dillə desək, meri seçilən Əliş Ləmbəranski paytaxtın simasını yeniləyən maraqlı ideyaları, həmin ideyaları israr və ardıcıllıqla həyata keçirən dövlət xadimi idi. Dağüstü parkın aşağı hissəsində Bakı buxtasına ən gözəl mənzərənin açıldığı yerdə Yaşıl teatr adlı açıq hava konsert salonunun inşası da onun, Bakını qəlbən sevən dövlət xadiminin ideyası idi. Beləliklə, Yaşıl teatrın və onun böyründəcə funikulyorun tikintisini çox gözləmək lazım gəlmədi. 1962-ci ildə hər iki obyekt istifadəyə verildi. 

Düzdür, o vaxtadək də Bakıda konsertlərin verildiyi yay kinoteatrlarını çıxmaqla üç açıq səhnə var idi: filarmoniyanın yay salonu, Sahil bulvarındakı səhnə, bir də hələ 1930-cu illərdə Kirov (indiki Dağüstü park) parkının təməli qoyulanda tikilmiş yığcam səhnə. Yaşıl teatrın ən vacib üstünlüyü o idi ki, burada səhnənin arxa divarı yox idi və dənizlə qovuşan şəhər mənzərəsi arxa dekorasiyanı əvəz edirdi. Landşaft pozulmadan tamaşaçı salonunun nal şəklində həlli isə həm yaxşı səslənməni, həm də yaxşı görüntünü, həm də güclü küləyin təsirindən qorunmağı təmin edir.

Üstəlik, teatr tikilərkən ətrafdakı parka zərər dəyməmiş, onu əhatə edən ağaclar kəsilməmişdi. Beləcə, unikal landşaft memarlığı nümunəsi yaranmışdı. Səhnə rampası bir tərəfdən metal dayaqlara, digər tərəfdən də daş sütunlara bərkidilmiş şəbəkə naxışlı yüngül metal formalarla əhatələnmişdi. Yaşıl teatr həm də nadir və bahalı materiallardan istifadə etmədən yüksək peşəkarlığa nail olmağın mümkünlüyünə sübut kimi memarlıq tarixinə düşdü. Bakı Dövlət Layihə İnstitutunda çalışan bir qrup memar, konstruktor, landşaft dizayneri və digər mütəxəssislərin fantaziyası və biliyi, Bakı Baş Tikinti Trestinin 3 nömrəli idarəsinin mühəndis və inşaatçılarının əməyi sayəsində Azərbaycan paytaxtı unikal memarlıq nümunəsi qazandı.

Uzun illər boyu Yaşıl teatrı əhatə edən ağaclar bu səhnədə baş tutan yüzlərlə konsert proqramını öz budaqlarını əsdirməklə alqışladı. Lakin bütün tamaşa-konsert müəssisələri kimi, Yaşıl teatr da köhnəlir, onun da təmirə, hətta sanballı rekonstruksiyaya ehtiyacı yaranırdı. Üstəlik, ölkənin siyasi həyatında baş verənlər, bütün Azərbaycan ərazisindəki mövcud siyasi-psixoloji durum 1993-cü ildə Yaşıl teatrın öz fəaliyyətini dayandırmasına gətirib çıxartdı.

2005-ci ildə Yaşıl teatrın təmir və bərpa edilməsi barədə qərar qəbul edildi. Bu iş Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının, Rusiya Beynəlxalq Memarlıq və İnşaat Akademiyasının üzvü, memarlıq doktoru, professor, Azərbaycan Dövlət mükafatı laureatı və Prezidentin fərdi təqaüdçüsü Ramiz Əbdülrəhmanova həvalə edildi.

Biz də Yaşıl teatra ikinci həyat bəxş edən qocaman memarla onun layihəsi barədə söhbət edirik.

 

– Ramiz müəllim, Yaşıl teatrın bərpası bu tip müəssisələrin bərpa layihələri arasında ən uğurlu nümunələrdən sayılır. Mütəxəssislər sizin layihəni həm də teatrın ilkin simasını qoruduğuna görə bəyənirlər.

– Əslində, salonun və səhnənin formasını kəskin dəyişdirilməsinə ehtiyac yox idi. Sadəcə, Yaşıl teatrı daha mükəmməl və rahat tamaşa-konsert müəssisəsinə keçirmək əsas məqsədimiz idi. Bəzi ağacları budayıb yığcamlaşdırdıq ki, tamaşaçı həm səhnəni, həm də parkdan Xəzərədək gözəl təbiət mənzərəsini seyr edə bilsin. Hazırda Yaşıl teatrın səhnəsində hər janrda tamaşalar oynamaq, konsertlər qurmaq imkanı var. Səhnədə düzəldilmiş lük döşəmənin altında yerləşdirilmiş xüsusi otaq-anbardan dekorasiyaları bir neçə dəqiqə ərzində səhnəyə qaldırıb endirmək imkanı yaradır. Dekorasiyanı tez yığıb tez də quraşdırmaq mümkündür ki, bu prosesi də səhnənin arxasında gizlədilmiş məkandan idarə etmək olur. Səs, işıq və səhnənin transformasiya işləri də oradan idarə edilir. Səhnənin altında üç mərtəbə tikilib. Dekorasiyaları saxlamaq üçün anbar, qrim və istirahət otaqları, sanitariya qovşağı yerləşdirilib.

 

– Səhnə ilə yanaşı, yardımçı otaqlar da ifaçılar üçün rahat olmalıdır ki, sənətçi öz çıxışına hazırlaşanda fikri dağılmasın…

– Elədir. Yeniliklərdən biri də budur ki, səhnənin altında məşq üçün böyük salon var. Orada çox yaxşı səs izolyasiyası qurulduğu üçün hətta xor kollektivi belə məşq edə bilər. Bu zaman yuxarıda, salonda tamaşaçılar onların səsini eşitmir, səhnədə çıxış edən ifaçının da səsinə başqa səs qarışmır. Böyük kollektiv, yəni rəqs ansamblı üçün ayrıca geyinib-soyunma otağı, tək ifaçılar üçün fərdi qrim otaqları da var. İfaçı rahat çıxışa hazırlaşa, antraktda dincələ bilər.

 

– Yaşıl teatr kifayət qədər tamaşaçı tutur. Onların da tam komfort şəraitdə səhnədə göstərilənlərdən zövq almağa haqqı çatır.

– Tamaşaçı yerinin sayı 2 mindən 3 minə çatdırıldı. Həm də teatrın rekonstruksiyasında əsas məqsəd tamaşaçılara rahat seyr etmək imkanı yaratmaq idi. Təsəvvür edin, əvvəllər Yaşıl teatrın tamaşa salonunun ərazisində nə bufet, nə də sanitar qovşaq nəzərə tutulmuşdu. Mən layihəmdə bu boşluğu da aradan qaldırdım. O cümlədən qəlyanaltı üçün rahat məkan – bufet yaradıldı.

Əvvəllər bu teatrda ali qonaqlar üçün, belə deyək ki, hökumət lojası yox idi. Yeni layihədə bu da nəzərə alındı, salonun ortasında xüsusi loja quraşdırıldı. Həmin lojaya oturacaqların arasından da keçib çatmaq olar. Yuxarıda avtomobildən düşüb yeraltı koridorla da düz həmin lojaya qalxmaq üçün şərait yaradılıb.

Bilet kassasını teatrdan kənara çıxartdıq ki, bilet növbəsi salona daxil olanlara mane olmasın. Üstəlik, tamaşa salonunun üstündə bilet almağa pulu çatmayanların (əsasən tələbələr üçün) ayaq üstə səhnəni seyr etməsindən ötrü terras da qurduq.

 

– Ramiz müəllim, Yaşıl teatr rekonstruksiyadan sonra 2007-ci ilin mayında açıldı. O vaxtdan 14 il keçib. Sizin layihənizdəki bütün yeniliklər indi də işləkdir? Hansısa dəyişiklik edilməyib?

– Mənim layihəmdə belə bir özəllik nəzərdə tutulmuşdu. Salondan baxanda səhnənin hər iki tərəfində pilləli (terrasla) şəlalə quraşdırmışdım. Su, səhnənin bir tərəfində təxminən otaq hündürluyündən şəlalə kimi axaraq hovuza dolurdu, səhnənin qarşısı ilə axaraq o biri tərəfədək qalxırdı. Konsert vaxtı şəlalə işıqlandırılırdı. Mən bilən, baxımsızlıq üzündən həmin şəlalə daha işləmir.  

***

Təəssüf ki, Yaşıl teatrın səhnə fəaliyyəti ilin fəsillərinə bağlıdır. Açıq havada vaxt keçirmək imkanı verən xoş havalı günlərdə Yaşıl teatrdakı konsertlər, tədbirlər ətrafı daha da işıqlandırır, bayram ovqatı ətrafı öz xoş aurasına bürüyür. Dağüstü parkda gəzintiyə çıxanlar da qaranlıq səmanı yaran musiqi sədaları altında mənalı istirahətə şərik olurlar. Yəqin ki, onlar belə məqamda “gərək bir dəfə də burada konsertə gələk” deyə düşünürlər. Elə şəhərin, teatrın, bulvarın sayrışan işıqlarının fonunda suları mirvari kimi parlayan Xəzər də bu məkandan yayılan musiqiyə qulaq kəsilir.

Gülcahan Mirməmməd