Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə 3-11 oktyabr tarixlərində Qusar Dövlət Ləzgi Dram Teatrında həyata keçirilən “Peşəkar teatr dərsləri” layihəsi başa çatıb.

Layihə çərçivəsində ilk ustad dərslərini Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov və teatrşünas Dağlar Yusif keçiblər. Təlim iştirakçılara təcrübə mübadiləsi, ixtisasartırma və aktyorluq potensialını inkişaf etdirmək imkanları yaradıb.

Peşəkar teatr dərslərində aktyorların tamaşaçı ilə ünsiyyəti, rejissorla işləmək bacarığı, səhnə sərbəstliyi və texnikası, həmçinin pyesin mənimsənilmə qabiliyyəti, səhnə ritmika və plastikası, nitq mədəniyyəti kimi keyfiyyətləri təkmilləşdirilib.

Layihənin əsas məqsədi region teatrlarında sənətin peşəkar əsaslarının tədrisi, yaradıcı, nəzəri-praktik təcrübə mübadiləsi ilə peşəkarlıq səviyyəsinin artırılması və fəal yaradıcı mühitin formalaşdırılmasıdır.

Layihə çərçivəsində digər bölgə teatrlarında da bu kimi tədbirlərin təşkili nəzərdə tutulur.