Dövlət Turizm Agentliyinin (DTA) nümayəndə heyəti Avstraliyanın Pert şəhərində keçirilən Dünya Səyahət və Turizm Şurasının (WTTC 2024) Qlobal Sammitində iştirak edib.
DTA-nın Aparat rəhbəri Kənan Qasımov və Azərbaycan Turizm Bürosu idarə heyətinin sədri Florian Zenqstşmid Dünya Səyahət və Turizm Şurasının baş icraçı direktoru Culia Simpson və “Trip.com Group”un baş direktoru Ceyn San ilə görüş keçiriblər.
Sammit zamanı keçirilən müzakirələrdə Azərbaycan nümayəndə heyəti tərəfindən UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən (2023) “Xınalıq və Köç yolu mədəni landşaftı”nın qorunub saxlanılması, turizm üzrə biomüxtəlifliyin mühafizəsi və icma əsaslı turizmin inkişafı haqqında məlumat verilib.
Həmçinin diqqətə çatdırılıb ki, noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasında (COP 29) ilk dəfə turizm mövzusunun fəaliyyət gündəliyinə salınması turizmin iqlim dəyişikliyinə qarşı mübarizədə rolunu artırmağa, eləcə də iqlim dəyişikliyinin bu sektor üzərində mənfi təsirlərinin azaldılmasına töhfə verəcək.
Qeyd edək ki, WTTC hər il səyahət və turizm sənayesi liderləri ilə dövlət nümayəndələrini bir araya gətirən platformadır. Azərbaycan tərəfdaş ölkə kimi WTTC-nin hotellər üçün nəzərdə tutulan 12 əsas fəaliyyət istiqamətini özündə birləşdirən “Dayanıqlı Əsaslar” proqramının üzvüdür.