Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi kino layihələrinin maliyyələşdirilməsində vətənpərvərlik bölməsinin bundan sonra da əsas prioritet olacağını açıqlayıb.

Nazirliyin Kinematoqrafiya və rəqəmsal inkişaf departamentinin direktoru Dmitri Davidenko kinostudiyaların dövlət subsidiyası alması üçün yeni şərtlərdən danışarkən bildirib ki, prioritet bölmənin mövzuları kifayət qədər genişdir. Buraya ənənəvi ailə dəyərlərinin qorunması və populyarlaşdırılması, regionların və bütövlükdə Rusiyanın turizm imkanlarının təbliği, ənənəvi mənəvi-əxlaqi dəyərlərin yayılması, rus elmi, tarixi haqqında filmlər, klassiklərin əsərlərinin ekranlaşdırılması, habelə gəncləri müxtəlif peşələrə və mühəndislik ixtisaslarına yiyələnməyə həvəsləndirmək kimi mövzular daxildir.

Nazirlik rəsmisi əlavə edib ki, film layihələrinin seçimində əsas yeniliklərdən biri də müraciətlərə baxılması və qiymətləndirilməsi üzrə yeni yaradılacaq komissiya olacaq. Müraciətlərdə (debüt ərizələri də daxil olmaqla) axın (striminq) videoservislərində yerləşdirmə, festivallarda iştirak və filmin kinoteatrlarda nümayişi yolu ilə layihələrin gələcək həyata keçirilməsi üçün zəmanət məktubu olmalıdır.

Davidenkonun sözlərinə görə, departament Mədəniyyət Nazirliyinin maliyyələşdirdiyi bütün filmlərin tamaşaçılara çatmasına nəzarət etməyi planlaşdırır.

Bu arada Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova son dövrdə yerli kino bazarının artdığını bildirib. Onun sözlərinə görə, 2023-cü ildə prokata Rusiya istehsalı olan 207, cari ilin altı ayında isə 103 film buraxılıb. 2024-cü ilin birinci yarısında Rusiya kinoprokat bazarının həcmi təxminən 29 milyard rubl (300 milyon dollar) təşkil edib.