Oktyabrın 15-də Abdulla Şaiqin Mənzil-Muzeyində “Füzuli rindü-şeydadır...” adlı ədəbi-bədii və musiqili tədbir keçirilib. Tədbir dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyi ilə bağlı ölkə başçısının sərəncamından irəli gələrək təşkil olunub.

Tədbiri Azərbaycan Milli Konservatoriyasının (AMK) tələbələrindən ibarət “Şəms-Qəmər” kamera xoru açıb. Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Şəbi-hicran” xoru səslənib.

Muzeyin baş mühafizi Günel Əsədova qonaqları salamlayaraq Məhəmməd Füzulinin həyat və yaradıcılığı ilə bağlı qısa məlumat verib. Muzeyin direktoru Ülkər Talıbzadə “Füzulinin musiqi dünyası” mövzusunda danışıb.

Füzuli yaradıcılığı haqqında məruzələr dinlənilib. ADPU-nun professoru, filologiya elmləri doktoru Yaqub Babayev şairin yaradıcılığını təhlil edib. Filologiya elmləri doktoru Təranə Turan Rəhimli “Kamal Talıbzadə və Məhəmməd Füzuli irsinə ədəbi-nəzəri münasibət”, muzeyin böyük elmi işçisi Elminaz Məmmədli “Məhəmməd Füzuli yaradıcılığı Abdulla Şaiqin təhlilində” mövzularında məruzə ediblər.

Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyorları Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsəri əsasında hazırlanan (quruluşçu rejissor Əməkdar artist Nicat Kazımov) tamaşadan səhnə təqdim ediblər.

AMK nəzdində İncəsənət Gimnaziyasının şagirdi Nurlan Rzayev şairin obrazında lirik qəzəl söyləyib. AMK-nın 4-cü kurs tələbəsi Hüseyn Nağıyev kamançada Süleyman Ələsgərovun “Vətənimdir” romansını məharətlə ifa edib. İncəsənət Gimnaziyasının müəllimi Elnur İsmayılov və gimnaziyanın şagirdi Rəhimə Mənsimzadənin ifasında Füzulinin “Leyli və Məcnun” əsərindən pantomim səhnə göstərilib. Prezident təqaüdçüsü Leyla Muradzadə AMK-nın baş müəllimi Svetlana Əhmədovanın fortepianoda müşayiəti ilə Cahangir Cahangirovun “Füzuli” kantatasından bir parça ifa edib.

Sonda gənc xanəndə Yusif Cəfərbəyli AMK-nın tələbələri Cavanşir Rüstəmbəyli (tar) və Əli Rüstəmbəylinin (kamança) müşayiətində Füzulinin qəzəlləri ilə muğam parçası ifa edib.

Aktyorların və gənc istedadların çıxışları alqışla qarşılanıb.