15–16 oktyabr tarixlərində Moskvada “Musiqi dünyası” beynəlxalq elmi musiqi jurnalının 25 illiyi münasibətilə “Musiqi dünyası – 2024. İnformasiya, kommunikasiya, yaradıcılıq” mövzusunda elmi konfrans keçirilib.
Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Rusiya Dövlət İncəsənət Tarixi İnstitutu və P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyası tərəfindən təşkil olunub.
Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli konfransın açılışında çıxış edərək “Musiqi dünyası” jurnalının yaranma tarixindən danışıb. O bildirib ki, nəşrin ilk nüsxələri Azərbaycan tarixinin çətin dövrlərində işıq üzü görüb. Lakin musiqiyə vurğun insanların birləşdiyi redaksiya heyəti nəşri yaşada və inkişaf etdirə bilib. Fərhad Bədəlbəyli elm, mədəniyyət və incəsənət xadimləri arasında əlaqələrin möhkəmlənməsi və təcrübə mübadiləsi aparılmasının maarifçilik sahəsində mühüm amil olduğunu diqqətə çatdırıb.
Moskva Dövlət Konservatoriyasının rektoru Aleksandr Sokolov Bakı Musiqi Akademiyası ilə tarixi qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayıb. Rektor qeyd edib ki, iki təhsil müəssisəsi arasında elmi əməkdaşlıq da yüksək səviyyədədir. “Musiqi aləmi” jurnalı Moskva Dövlət Konservatoriyasının kitabxanasında sevilərək oxunulan nəşrlərdən biridir. Jurnalda həmkarlarımızın elmi araşdırmaları, dünya musiqi aləmində baş verən yeniliklər yer alır. Bu, əlbəttə, bizim üçün çox maraqlıdır”, - deyə A.Sokolov bildirib.
Azərbaycan Milli Konservatoriyasının professoru, konservatoriyanın elmi işlər üzrə prorektoru Lalə Hüseynli bildirib ki, “Musiqi dünyası” jurnalı artıq 25 ildir fəaliyyət göstərir, maraqlı elmi məqalələr, resenziyalar, musiqi həyatı ilə bağlı müxtəlif məlumatları geniş oxucu kütləsinə çatdırır. “Konfrans çərçivəsində biz həm “Musiqi dünyası”, həm də digər nəşrlər, o cümlədən “Konservatoriya” elmi jurnalının fəaliyyəti barədə məlumat verəcəyik. Konfrans müxtəlif ölkələrin elmi nəşrləri arasında əlaqələndirmənin qurulması, əməkdaşlığın genişləndirilməsi baxımından olduqca vacib tədbirdir”, - deyə Lalə Hüseynova qeyd edib.
Jurnalın baş redaktoru və naşiri Tariyel Məmmədov nəşrin yaranma tarixi, fəaliyyətindən danışaraq bildirib ki, “Musiqi dünyası” həm də nəşriyyat mərkəzidir. Burada çoxjanrlı və müxtəlif istiqamətli 46 veb-sayt birləşib. Mərkəzin mütəxəssisləri hazırda dörd yüzə yaxın qədim qrammofon valının bərpası üzərində çalışırlar. Redaktor jurnalın zəngin arxivi barədə də məlumat verib.
Tədbirdə N.Q.Jiqanov adına Kazan Dövlət Konservatoriyasının rektoru Vadim Dulat-Aleyev, Rusiya Dövlət Sənətşünaslıq İnstitutunun direktoru Natalya Sipovskaya, Heydər Əliyev Fondunun Humanitar proqramlar şöbəsinin müdiri Tamilla Əhmədova, Rusiya Dövlət Sənətşünaslıq İnstitutunun baş aparıcı mütəxəssisi sənətşünaslıq doktoru Gültəkin Şamilli və başqaları çıxış edərək müasir dövrdə informasiya kommunikasiyalarının mədəniyyət sahəsinə töhfələrindən söz açıblar.
Qeyd edək ki, 1999-cu ildən nəşr olunan “Musiqi dünyası” jurnalı 25 il ərzində Rusiya Elmi Sitat İndeksinin reyestrinə daxil edilmiş musiqi nəşrlərinin daimi beynəlxalq tərəfdaşı olub, Rusiyada və digər xarici ölkələrdə alimlər arasında əməkdaşlıq platforması rolunu oynayıb. Jurnalın 25 illik yubileyi və 100-cü nömrəsinin çapdan çıxmasının qeyd olunması beynəlxalq əməkdaşlıq formatında nəşriyyat və informasiya siyasəti, elmi, təşkilati və rəqəmsal kommunikasiya, qeyri-maddi mədəni irsin qorunub saxlanılması məsələləri və digər problemlərin müzakirəsi üçün yaxşı fürsət olub.
Forum iştirakçıları nəşriyyat problemləri, ünsiyyət və dil siyasəti, mədəniyyətlərarası kommunikasiya sistemində musiqi jurnallarının rolu, musiqi jurnalistikasının problemləri, maarifləndirici proqramlar və digər məsələləri müzakirə edəcəklər.