15-17 oktyabr tarixlərində Türkiyənin İstanbul Universitetinin Fuad Sezgin konqres mərkəzində “Mədəni irsin konservasiyasında gənclər - YOCOCU" IX beynəlxalq konfransı keçirilib.

Konfrans Romada yerləşən Beynəlxalq YOCOCU Asossiasiyası və İstanbul Universitetinin təşkilatçılığı, İtaliya Atmosfer Elmləri və İqlim İnstitutu, Türkiyə Mədəni İrsin Dostları İctimai Birliyi (KUMİD), İtaliya Kalabriya Universiteti, Mədəni Mülkiyyətlərin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəz (ICCROM), "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Azərbaycan), Rumıniya Timişoara Milli İncəsənət Muzeyi, Türkiyə Konservasiyaçılar və Bərpaçılar İctimai Birliyi (KRD), Çexiya Yaşıl Laboratoriya Təşkilatı, İtaliya EMEC Su Cihazları Şirkəti və "Heritage" jurnalının dəstəyi ilə gerçəkləşib.

Konfransda Türkiyə, İtaliya, Azərbaycan, Yunanıstan, İspaniya, Almaniya, Rumıniya, Portuqaliya, Fransa, Avstriya, ABŞ, Xorvatiya, Rusiya, İngiltərə, İran, Pakistan, Hindistan, Misir, Avstraliya və digər ölkələrdən 120-dən çox alim və tədqiqatçı müxtəlif mövzular üzrə sessiyalarda canlı, poster və onlayn məruzələrlə çıxış ediblər.

"Mədəni irs strategiyaları: innovativ muzeylər, təhsil və qiymətləndirmə" adlı birinci bölmədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti "Orta Əsr Ağsu Şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Şölə Bayramova "Ağsu qoruğu: arxeoloji irsin təqdimatı" mövzusunda məruzə edib. O, arxeoloji irsin mühafizəsi məsələlərinə toxunub, Ağsu qoruğunda aparılan son arxeoloji qazıntılar, onların nəticələrindən və qoruğun tarix-mədəniyyət abidələrindən danışıb.

Ağsu arxeoloji ekspedisiyasının rəisi professor Qafar Cəbiyev Azərbaycan arxeologiyası, Qarabağın arxeoloji abidələrinin öyrənilməsi, erməni vandalizminin nəticələri haqqında geniş məlumat verib.

Konfrans çərçivəsində arxeoloji materialların konservasiyası və bərpasında yeni yaşıl məhsulların praktik təlimi, parça üzərində basmanaxış üzrə vorkşop, ebru sənəti ilə bağlı ustad dərsi, səthin qorunması üçün nanosilikat örtüyün tətbiqi mövzusunda seminar da keçirilib.

İştirakçılar Türk Əlyazmalar, Kitab və Arxiv İnstitutu, İstanbul Arxeologiya Muzeyi, İstanbul Rəsm və Heykəltaraşlıq Muzeyi, eləcə də bərpa və konservasiya laboratoriyasında olublar. İştirakçılara sertifikatlar təqdim edilib.

Konfransın yekununda "Miras" İctimai Birliyinin sədri Fariz Xəlilli Beynəlxalq YOCOCU Asossiasiyasının “Mədəni irsin yaşıl konservasiyası" VI beynəlxalq elmi-praktiki konfransının 2025-ci ildə Şuşa şəhərində keçirilməsi təşəbbüsü ilə çıxış edib və təklif assosiasiyanın idarə heyətinə təqdim olunub.