Azərbaycanın ən yeni tarixinə şərəf və ləyaqət salnaməsi olaraq yazılan 2020-ci ili Vətən müharibəsinin zəfər soraqlı günlərindən biri də 20 oktyabrdır. Bu gün Zəngilan şəhərinin işğaldan azad olunmasının dördüncü ildönümüdür.

“Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü görür. Biz öz torpağımızda vuruşuruq, öz torpağımızı qoruyuruq və işğalçıları bundan sonra da öz torpaqlarımızdan qovacağıq. Xalqımız döyüş meydanından, cəbhə bölgəsindən səbirsizliklə yeni xəbərlər gözləyir. Mən çox şadam və mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram” –Prezident, Ali Baş Komandan İlham Əliyev bu tarixi bu sözləri 2020-ci il oktyabrın 20-də Zəngilanın azad olunması ilə bağlı xalqa müraciətində demişdi.

Zəngilan Cəbrayıl (4 oktyabr) və Füzulidən (17 oktyabr) sonra Vətən müharibəsində azadlığa qovuşan üçüncü şəhərimiz idi.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixdə imzaladığı sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sərəncama əsasən, 20 oktyabr Zəngilan Şəhəri Günüdür.

Zəngilan torpağı işğaldan azad olunan ərazilərin dirçəlişində ilklə də yeni tariximizə düşüb. Otuzillik əsarətdən qurtulan yurd yerlərimizdə yenidən qurulan ilk yaşayış məntəqəsi Zəngilan rayonunun Ağalı kəndidir. 2022-ci ilin iyulunda Ağalı sakinlərinə qucaq açıb.

2022-ci ilin 20 oktyabrında isə Şərqi Zəngəzurun hava qapısı olan Zəngilan Beynəlxalq Hava Limanı Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verilib. Bu, təkcə bu bölgəmizin deyil, ümumilikdə Azərbaycanın inkişafı, eləcə də yerləşdiyimiz coğrafiyanın gələcək mənzərəsi üçün mühüm önəm kəsb edən, Azərbaycan-Türkiyə birlik və bərabərliyi üçün əlamətdar olan hadisə idi.

2022-ci ilin 20 oktyabrında, Zəngilan şəhərinin işğaldan azad olunmasının ikinci ildönümündə Prezident İlham Əliyev burada ilk yaşayış binasının təməlini qoyub. Bundan əlavə, dövlətimizin başçısı tərəfindən Zəngilan rayonunda təməli atılan daha bir neçə kəndin yenidən qurulması layihəsi həyata keçirilir. Tezliklə Ağalının sırasına da çinarlar torpağının digər yaşayış məntəqələri qoşulacaq. Zəngilanlılar da bir sonrakı Şəhər gününü öz şəhərlərində bayram edəcəklər.