Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) sərgi salonunda “İslam və Türk dünyasının paytaxtı Şuşamız” adlı sərgi açılıb. Sərgidə universitetin Memarlıq və Dizayn fakültələrinin, həmçinin İnşaat Kollecinin tələbələrinin 60-dan çox əl işi nümayiş olunub.

AzMİU-dan bildirilib ki, tələbələr çəkdikləri rəsmlərdə Şuşanın füsunkar təbiətini, memarlıq abidələrini və zəngin mədəniyyətini əks etdiriblər.

Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev sərginin Şuşanın mədəni irsini yaşatmaq və gənclərin istedadlarını üzə çıxarmaq yönümündəki əhəmiyyətini vurğulayıb. Prorektor qeyd edib ki, bu gün Şuşada şəhərin tarixi simasının bərpası yönündə böyük layihələr həyata keçirilir. Şuşa artıq bir çox festivallara və mədəni tədbirlərə ev sahibliyi edir.

Digər çıxış edənlər sərgi barədə fikirlərini bölüşərək tələbələrin hazırladığı əl işlərini yüksək qiymətləndiriblər.

Sonda münsiflər heyəti tərəfindən ən yaxşı işlər seçilib və qaliblər diplomlarla mükafatlandırılıb.