Rusiya Mədəniyyət Nazirliyi və Rusiya Prezidentinin Mədəni Təşəbbüslər Fondunun dəstəyi ilə Vokalçıların Mixail Qlinka adına XXVII Beynəlxalq Müsabiqəsi keçirilib.

Moskvanın “Zaryadye” konsert zalında 8-16 oktyabr tarixlərində keçirilən müsabiqə bu il görkəmli rus bəstəkarı Mixail İvanoviç Qlinkanın 220 və uzun illər müsabiqənin münsiflər heyətinə rəhbərlik etmiş opera müğənnisi İrina Arxipovanın 100 illik yubileylərinə həsr edilib.

Builki müsabiqənin 12 ölkədən 63 iştirakçısı olub.

Münsiflər heyətində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının musiqi rəhbəri və baş dirijoru, Bakı Musiqi Akademiyasının dosenti Əməkdar artist Əyyub Quliyev də yer alıb.

Yarışmanın yekun turunda finalçıları Ə.Quliyevin dirijorluğu ilə Moskva Dövlət Simfonik Orkestri müşayiət edib.

Münsiflər heyətinin qərarına əsasən, I yerə Yekaterina Lukaş (Stanislavski Opera Teatrı), Otabek Nazirov (Özbəkistan), II yerə Yekaterina Bequnoviç (Novosibirsk Opera), Konstantin Fedotov (Novaya Opera), III yerə Yekaterina Savinkova (Mariinski Teatrı) və İvan Borodulin layiq görülüblər.

Qeyd edək ki, 1960-cı ildə əsası qoyulan M.Qlinka adına müsabiqənin Azərbaycanla bağlı tarixçəsi də var. 1987-ci ildə müsabiqə görkəmli vokalçı İrina Arxipovanın rəhbərliyi ilə Bakıda keçirilib. Həmin müsabiqədə Dmitri Xvorostovski və Olqa Borodina birinci yerə layiq görülüb.