COP29 çərçivəsində iki panel məhz multikulturalizm məsələlərinə həsr olunacaq. Bu barədə açıqlamasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov məlumat verib.
O vurğulayıb ki, multikulturalizm Azərbaycanda dövlət siyasətinin ən önəmli istiqamətlərindən biridir.
"Noyabrın 5-dən 7-dək Pre-COP tədbiri olaraq Qafqaz Müsəlmanları İdarəsi tərəfindən dünya dini liderlərinin sammiti təşkil ediləcək. Tədbirdə bu sahədə tanınmış 200-ə yaxın din xadimi, alim iştirak edəcək. Onların Qarabağa səfəri də nəzərdə tutulub. Noyabrın 13-də ayrıca panel təşkil olacaq. Burada da Azərbaycanın tolerantlıq, multikulturalizm dəyərlərindən bəhs olunacaq, nəşr sərgilərində mərkəzin kitabları, eləcə də filmlər nümayiş ediləcək".
Rəvan Həsənov bildirib ki, COP29 kimi mötəbər tədbirdə Azərbaycanın multikultural dəyərlərinin təbliği əhəmiyyətlidir: “Biz fürsətdən istifadə edərək öz multikultural və tolerant dəyərlərimizi gələn xarici qonaqlara təqdim edəcəyik".