Polşanın Zelena-Qura şəhər filarmoniyasının təşkil etdiyi ənənəvi Simli Alətlər Festivalının növbəti konsertində Azərbaycan da təmsil olunub.
Gənc olmasına baxmayaraq, indiyədək neçə-neçə böyük səhnəni fəth etmiş violin ifaçısı, Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqələr qalibi və laureatı Elvin Xoca Qəniyev oktyabrın 18-də keçirilən konsertdə vokalçı Klaudiya Trzasko ilə birlikdə çıxış edib.
Zelena-Qura filarmoniyasının sosial şəbəkə hesabında yer alan məlumatda deyilir ki, Norbert Turkçinskinin dirijor pultu arxasında olduğu simfonik orkestrinin müşayiət etdiyi konsert əla keçib: “Biz Verdinin, Respiginin və Qriqin əsərlərini fantastik ifada dinlədik”.
Elvin Xoca Qəniyev İtaliya bəstəkarı Ottorino Respiginin simfonik orkestr və violin üçün “Qreqorian konserti”ni, Norveç bəstəkarı Edvard Qriqin vokal, violin, xor və orkestr üçün bəstələdiyi “Per Günt” kamera-simfonik əsərindən I və II süitaları ifa edib.
Gülcahan