Bu il Azərbaycan musiqisinin üç görkəmli sənətkarı, Xalq artistləri – bəstəkarlar Şəfiqə Axundova (1924–2013) və Süleyman Ələsgərov (1924–2000), tarzən Əhsən Dadaşovun (1924–1976) 100 illik yubileyləridir.
Oktyabrın 22-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “İrsimizin Tədqiqi və Təbliği” İctimai Birliyinin təşkilatçılığı ilə bu yubileylərə həsr olunan “Musiqi aləmində” jurnalının yeni sayının təqdimatı keçirilib.
Muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözündə hər üç sənətkarın milli musiqi sənəti tariximizdə məxsusi iz qoyduğunu vurğulayıb.
Sonra tədbirin aparıcısı “Musiqi aləmində” jurnalının təsisçisi və redaktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı nəşrin yubilyarlara həsr olunan nömrəsi, dərc olunan materiallar haqqında məlumat verib.
Tədbirdə Əhsən Dadaşovun qızı, pianoçu Xanım Məhərrəmova, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mehparə Rzayeva, Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadə, S.Ələsgərov adına 1 nömrəli Uşaq incəsənət Məktəbinin direktoru Vaqif Abbasov və digər çıxış edənlər Şəfiqə Axundova, Süleyman Ələsgərov və Əhsən Dadaşovun yaradıcılıq yolu, musiqi mədəniyyətimizin inkişafında, zənginləşməsində əvəzsiz xidmətləri haqqında danışıblar.
Çıxışlar muzeyin arxiv materialları əsasında görkəmli sənətkarlar haqqında hazırlanmış slayd-şou ilə müşayiət olunub.
Bədii hissədə Xalq artisti, müğənni Gülyaz Məmmədova, Əməkdar artist Fəridə Hüseynova (fortepiano), Sunay Hacıyeva (vokal), Əşrəf Bünyadzadə (vokal), Mirnofəl Həsənov (tar), S.Ələsgərov adına 1 nömrəli Uşaq incəsənət məktəbinin müəllim və şagirdləri: Qurban Nəsirli (violin), Aytən Cavadova, Tünzalə Qəhramanova (hər ikisi fortepiano), Əli Sərkərli (qarmon) və Mollağa Əliyevin (nağara) ifalarında Şəfiqə Axundovanın, Süleyman Ələsgərovun əsərlərindən ibarət musiqi proqramı təqdim olunub.