Oktyabrın 17-dən davam edən 19-cu Bakı Caz Festivalının iştirakçıları arasında almaniyalı və norveçli musiqiçilərdən ibarət “Simin Tander Trio”su da var.
Qrup oktyabrın 22-də Beynəlxalq Muğam Mərkəzinin (BMM) səhnəsində çıxış edib.
Bakı Caz Festivalına ilk dəfə qatılan trionun (Simin Tander – vokal, Olav Torget – gitara, Jonas Torget – truba) ifasında caz kompozisiyaları maraqla qarşılanıb.
Həmin gün BMM-in foyesində rəssam Cəmilə Hacı-Səmədzadənin “İpək üzərində caz” adlı qurama sərgisi də nümayiş etdirilib.
Tamaşaçılar konsertdən əvvəl sərgiyə baxıblar.
Cəmilə Hacı-Səmədzadə əl işləri barədə deyib: “Mən bu işə çoxdan başlamışam, bir neçə aydır ki, xüsusi olaraq caz festivalı üçün əsərlər hazırlamışam. Musiqini çox sevirəm. Caz həmişə yaradıcı peşə sahiblərini ruhlandırır. Panelimdə caz triosunu təsvir etmək qərarına gəldim. Caz təkcə musiqi deyil, həm də azadlıq sevgisidir. Material qismində ipəyi seçməyim əbəs yerə deyildi. Caz bizim bəşəri musiqi ruhumuzun cərəyanıdır. İpək də axır. Onlar birlikdə çox ahəngdar görünür!”.
“Simin Tander Trio”nun rəhbəri Simin Tander “ECM Records”da albomları yazılan Əfqanıstan əsilli alman vokalistidir. O, Avropa cazında yeni səsi təmsil edir və alman cazının yüksələn ulduzu hesab olunur. Vokalçı atasının danışdığı puştu dilində də əsərlər ifa edir.
Almaniyalı sənətçi festivalda iştirakla bağlı təəssüratını belə ifadə edib: “Bu, mənim Azərbaycana ikinci səfərimdir. İlk dəfə iki il yarım əvvəl Rain Sultanovun dəvəti ilə burada çıxış etmişəm. Buraya yenidən qayıtdığım üçün çox şadam. Bakını çox bəyənirəm. Bakı Caz Festivalında ilk dəfə iştirak edirəm. Dəvətə görə Rain Sultanova çox minnətdaram. Bu, gözəl festivaldır, çox yaxşı ab-hava, əla komanda və mükəmməl təşkilatçılıq var. Ötən səfərimdə müasir Azərbaycan musiqisini dinlədim. Avropada da ənənəvi Azərbaycan musiqisini dinləmişəm. Azərbaycanlılar əla musiqiçilərdir. Çox gözəldir ki, belə zəngin mədəniyyətə və yaxşı qorunan ənənələrə malik bir ölkədə müasir musiqinin təqdim olunduğu Bakı Caz Festivalı kimi festivallar keçirilir”.
Konsertin sonunda vokalist Azərbaycan dilində “Ay Laçın” mahnısını ifa edib.
Qeyd edək ki, 19-cu Bakı Caz Festivalına 11 ölkədən olan ifaçılar qatılıb. Festival oktyabrın 27-də başa çatacaq.