Dekabrın 7-8-də ABŞ-nin Hyuston şəhərində (Texas ştatı) azərbaycanlı dirijor Təranə Teylorun rəhbərlik etdiyi Hyuston Repertuar Balet Orkestrinin (HRB) müşayiəti ilə rus bəstəkarı Pyotr Çaykovskinin “Şelkunçik” baleti nümayiş olunacaq.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, baletdə əsas rolları amerikalı balet artistləri Li Fleytoks (Léa Fleytoux) və Ceyk Roksander (Jake Roxander) ifa edəcəklər.

Təranə Teylorun dirijorluğu ilə “Şelkunçik” baletinin ilk təqdimatı 2023-cü ildə nümayiş olunub və Texas ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu olan Təranə Teylor solo, orkestr, teatr və balet musiqisində təcrübəyə malik pianoçudur. Yeddi il HRB orkestrində pianoçu kimi fəaliyyət göstərib. Orkestrin üzvləri ABŞ-nin və dünyanın müxtəlif ölkələrinin səhnələrində çıxış edən tanınmış musiqiçilərdir. Təranə Teylorun 2024-cü ildə yaratdığı Texas Musiqi klubunun tələbələri “All State Music” festivalında mükafatlar qazanıblar.