Rəqs bədən dili ilə anladılan bir hekayədir. İnsanın içindəki duyğuların, arzuların ritmlərlə ifadəsidir. Rəqs ansamblı bu məqsədlə bir araya gələn, bir-birini tamamlayan fərdlərdən ibarətdir. Onlar səhnədə parlaq işıqların altında musiqinin ritmi ilə ahəngdar bir şəkildə tamaşaçıların estetik zövqünü oxşayırlar.
Ötən il Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Uşaq İncəsənət Festivalında (UİF) nailiyyət əldə edən istedadlar arasında “İncilər” rəqs ansamblı da vardı. “Uğur sorağında” rubrikasında bu dəfə oxucularımıza həmin kollektivi tanıdacağıq.
Həmsöhbətimiz ansamblın yaradıcısı Fatimə Kazımovadır. O, Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Musiqi Kollecində xoreoqrafiya ixtisası üzrə təhsil alıb. Hazırda Bakı Xoreoqrafiya Akademiyasında təhsilini (qiyabi) davam etdirir. 2021-ci ildən pedaqoji fəaliyyətlə məşğul olur, Naxçıvan şəhər Uşaq musiqi və incəsənət məktəbində xoreoqrafiya ixtisası üzrə müəllimdir. “İncilər” rəqs ansamblını da 2021-ci ildə yaradıb.
Bu barədə deyir: “Naxçıvan Muxtar Respublikasında azyaşlılardan ibarət rəqs ansamblı yox idi. Düşünürdüm ki, belə bir kollektiv yaradılmalıdır. Rəqs sənətinin inkişafı üçün bu vacibdir. Bu məqsədlə rəqs ansamblı yaratmağa qərar verdim. İstedadlı şagirdlərimizin hər birinin bir inci olduqlarını düşünərək ansamblın adını “İncilər” qoydum. Kollektivimizdə 5-17 yaş arası şagirdlər fəaliyyət göstərir”.
Ansambl 2023-cü ildə Naxçıvanda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş müsabiqədə solo və kollektiv nominasiya üzrə I, duet nominasiyası üzrə I və II yerlərə layiq görülüb.
Ötən il isə UİF-də “İncilər” (Nuray Fətullayeva, Öznur Bayramlı, Şənay Bayramlı, Sənay Eylazova, Nuray Mahmudlu, Fatimə İsmayılova, İradə Vəliyeva, Nərgiz Fərəcli, Gülay Əlizadə) milli rəqs ansamblı nominasiyasında 14-17 yaş kateqoriyasında III yeri qazanıb.
Bundan əlavə, ansamblın üzvlərindən Fatimə Allahyarlı solo milli rəqs nominasiyası üzrə 10-13 yaş qrupunda III, Nuray Fətullayeva isə həmin nominasiya üzrə 14-17 yaş kateqoriyasında II yerlərə layiq görülüblər.
“Uşaq İncəsənət Festivalı mən və kollektivimizin ən çox zövq aldığı, təcrübə qazandığı müsabiqə idi. Festivala hazırlaşarkən məqsədimizdə yer tutmaq var idi. Mən şagirdlərimə, onlar da mənə inanırdı. Gərgin məşqlərimiz olurdu. Nəticədə çəkdiyimiz əziyyət dəyərləndirildi və uğur qazandıq”, – deyə Fatimə Kazımova bildirir.
O, UİF-dən sonra da kollektivin müxtəlif müsabiqə və tədbirlərdə uğurla iştirak etdiyini söyləyir: “Naxçıvan Dövlət Milli Dram Teatrında muxtar respublikasının 100 illik yubileyinə və 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sinif konsertimiz oldu. Konsert böyük maraqla qarşılandı. Bu il kollektivimizin təşəbbüsü ilə muxtar respublikada ilk dəfə 29 aprel – Beynəlxalq Rəqs Günü münasibətilə Heydər Əliyev Sarayında 7 kollektivin iştirak ilə tədbir keçirildi. “Naxçıvan istedadları” adlı uşaq incəsənət festivalında “İncilər” rəqs ansamblı solo və kollektiv nominasiyalar üzrə I yeri qazandı. Bunlarla yanaşı, iştirak etdiyimiz dövlət tədbirlərində təşəkkürnamələr və fəxri fərmanlarla təltif olunduq”.
Kollektivin gələcək fəaliyyəti haqqında danışan Fatimə xanım “İncilər” rəqs ansamblının beynəlxalq müsabiqələrdə də ölkəmizi uğurla təmsil etmək arzusunu dilə gətirir. O, həmçinin bu sənətin muxtar respublikada inkişafı üçün daha səylə çalışacağını söyləyir.
Nurəddin