Görkəmli şair Məmməd İsmayılın 85 illiyi qeyd olundu

 

“...Gәzmәk istәyirәm dünyanı yazda
Hardasa, hardasa mәni duyan var,
Hәlә yaşamağa dәyәr bir az da”,

– deyən görkəmli şair, publisist, ədəbiyyatşünas-alim Məmməd İsmayılın (Məmməd Mürşüd oğlu İsmayılov) noyabrın 1-də 85 yaşı tamam olacaq.

Bu münasibətlə oktyabrın 23-də Beynəlxalq Muğam Mərkəzində yubiley tədbiri keçirildi.

Xalq şairi Sabir Rüstəmxanlının aparıcılığı ilə keçən gecədə yubilyar şair də səhnədə yerini almışdı. Sabir Rüstəmxanlı Məmməd İsmayılın ədəbiyyata gəldiyi illəri yada salaraq “altımışıncılar” nəslinin nümayəndəsi kimi onun Azərbaycan poeziyasında məxsusi yeri olduğunu diqqət çatdırdı.

Yubilyarı təbrikə gələnlər çox idi. Şairin söz dünyası haqqında duyğularını bölüşmək istəyənlər sırasında ilk olaraq Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli səhnəyə çıxdı. O, Məmməd İsmayılın “Gənclik” jurnalını yaratması və özündən sonrakı ədəbi nəslə dəstəyindən söz açdı, AYB-nin fəxri diplomunu şairə təqdim etdi.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Məmməd İsmayılın yüksək bədii təfəkkür sahibi olmaqla yanaşı, ölkəmizdə milli şüurun formalaşması prosesindəki müstəsna rolunu da vurğuladı.

Folklorşünas-alim, akademik Muxtar İmanov Məmməd İsmayılın yaradıcılığı barədə geniş məruzə ilə çıxış etdi, şeirlərinin ideya-bədii məziyyətlərindən danışdı. Bildirdi ki, şair yaşadığı mühitin, ünsiyyətdə olduğu insanların könül dilini mükəmməl bilir və şeirlərini də bu qəlb dilinin ritmi və ahəngi ilə yazır. Onun şeirləri xalq deyimləri ilə zəngindir. Belə deyimləri şair elə məharətlə seçir ki, onlar şeirin həm mənasını, məzmununu dərinləşdirir, həm də onun dilini xalq dilinin ən mükəmməl nümunəsinə çevirir. Mifoloji düşüncədən qaynaqlanan deyimlər də onun poeziyasına əlavə rəng qatır.  

Millət vəkili, ədəbiyyatşünas Elnarə Akimova Məmməd İsmayılın yaradıcılıq özünəməxsusluğundan danışdı və Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlunun təbrik məktubunu sənətkara təqdim etdi.

Tədbirdə millət vəkili Aydın Hüseynov, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, yazıçı Şərif Ağayar, şairlər Akif Əhmədgil, Əkbər Qoşalı, Aysel Səfərəliyeva və digərləri çıxış edərək Məmməd İsmayılın yaradıcılığından söz açdılar.

Müğənnilər – Xalq artisti Gülyaz Məmmədova, Rövşən Əziz, Ayşən  Mehdiyeva şairin sözlərinə yazılmış mahnıları ifa etdilər. Bədii qiraətçilər – Əməkdar artist Ağalar Bayramov və Xəzər Süleymanlı müəllifin bədii nümunələrini səsləndirdilər.

Gecənin sonunda Məmməd İsmayıl tədbirin təşkilatçılarına və qonaqlara minnətdarlığını bildirdi.

Qeyd edək ki, Məmməd İsmayıl Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki ikiillik Ali ədəbiyyat kursunu bitirib. 1966–1973-cü illərdə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində, 1975–1976-cı illərdə “Ədəbiyyat və incəsənət” qəzetində, 1976–1980-ci illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışıb. 1980–1983-cü illərdə “Yazıçı” nəşriyyatında şöbə müdiri və baş redaktorun müavini, 1983–1987-ci illərdə “İşıq” nəşriyyatının direktoru, 1988–1992-ci illərdə “Gənclik” (“Molodost”) jurnalının baş redaktoru, 1992–1993-cü illərdə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin sədri olub.

Bədii yaradıcılıqla yanaşı, elmi-tədqiqat işi ilə də məşğul olan Məmməd İsmayıl 1998-ci ildə “Çağdaş Azərbaycan poeziyasında aşıq şeiri” mövzusunda namizədlik (fəlsəfə doktorluğu) dissertasiyası müdafiə edib.

Müxtəlif illərdə “Ana əlləri”, “Dünyaya baxıram”, “Axşamlar, səhərlər”, “Söz vaxtına çəkər”, “Qoymayın dünyanı adiləşməyə”, “Bəxtimə düşən gün”, “Hələ yaşamağa dəyər”, “Dünya bizim evimizdir”, “Aman təklik əlindən” və s. kitabları nəşr olunub.

Şair 1996-cı ildə Türkiyəyə köçüb və Çanaqqala Universitetində pedaqoji fəaliyyət göstərib.

Lalə Azəri