XIX Bakı Caz Festivalı çərçivəsində oktyabrın 23-də Azərbaycan Milli Konservatoriyasında Moldovadan olan musiqiçilərin çıxışları təqdim edildi.

Vali Boghean Bandin orijinal improvizasiyaları caz həvəskarlarına, sözün əsl mənasında, böyük bir enerji bəxş etdi.

Musiqi qrupunun Balkan cazının, Avropanın etno-Şərq və klassik elementlərin birləşməsindən ibarət olmaqla hər biri özünəməxsus müasir üslubda maraqlı bir proqramla dinləyicilərin könlünü oxşadı. Musiqiçilərin ifasında səslənən əsərləri birləşmiş xüsusi janr kimi müəyyən etmək çətindir. Bu musiqi buketi müxtəlif hissləri və hər kəsin özünü tapa biləcəyi bir atmosfer yaradır.

Oktyabrın 25-də “Fairmont hotel”də yerləşən Caz-klubda Mədinə Sultan və italyan Lusi-Zanchini Masciari triosu çıxış edəcək. İtalyan musiqiçilər “GONE” albomlarında yer alan kompozisiyaları səsləndirəcəklər. İki il əvvəl buraxılmış albom ötən müddətdə musiqisevərlər tərəfindən maraqla qarşılanır.

11 ölkədən ifaçı və kollektivləri bir araya gətirən festival sona yaxınlaşır. Festivalın bağlanış konserti 27 oktyabrda olacaq.

Lalə