Azərbaycan Milli Xalça Muzeyi ilə Avstriyanın məşhur zərgərlik brendi “FREYWILLE” arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənədə əsasən şirkət tərəfindən Qarabağ xalçaları və onların unikal naxışları əsasında yeni kolleksiya hazırlanır.

Qədim Azərbaycan xalçaçılıq irsinin dünya miqyasında tanıdılması məqsədi daşıyan, müasir incəsənət və zərgərlik texnologiyası ilə xalqımızın zəngin tarixini özündə birləşdirən kolleksiyanın yaxın zamanda ictimaiyyətə təqdim olunması gözlənilir.

Qeyd edək ki, 1951-ci ildə təsis edilən və 30 ildən artıqdır ki, Fridrix Ville tərəfindən idarə olunan “FREYWILLE” şirkəti eksklüziv bədii zərgərlik məmulatları istehsalında lider brendlərdəndir. Şirkət Viktoriya və Albert Muzeyi, Jivernidəki Klod Mone Muzeyi və Dövlət Rus Muzeyi ilə əməkdaşlıq edib. “FREYWILLE”nin mütəxəssisləri bu muzeylərdə qorunub saxlanılan Qustav Klimt, Vinsent van Qoq, Alfons Muxa, Vilyam Morris, Pol Qogen kimi dahi rəssamların əsərlərindən ilhamlanaraq əsrarəngiz kolleksiyalar yaradıblar.

Azərbaycan Milli Xalça Muzeyi ilə əməkdaşlıq nəticəsində isə “FREYWILLE” brendi ilk dəfə zərgərlik məmulatlarının dizaynında Azərbaycan xalça naxışlarından və motivlərindən istifadə edəcək.