Turizm İnstitutunun tələbələri üçün təlim

Azərbaycan Turizm İnstitutunun (ATİ) məzunları Natiq Quliyev və Mirqulam Hadinin təşəbbüsü və Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə «Şamaxı Palace Platinum by Rixos» hotelində «Resort hotellərin idarə edilməsi» mövzusunda təlim keçirilib.
ATİ-nin mətbuat xidmətindən verilən məlumata görə, layihənin məqsədi tələbələrdə öz karyeralarını necə qurmağa dair təsəvvür yaratmaq və peşəkar vərdişlər aşılamaq, ölkəmizdə yeni yaranmış resort turizm növləri barədə tələbələri məlumatlandırmaqdır.
İştirakçılar ATİ-nin birinci və ikinci kurs tələbələri arasından seçilib. Onlara hotelin ön büro, satış və marketinq, qida və içkilər, insan resursları, hotel təsərrüfatı, qonaqlarla ünsiyyət şöbələrinin menecerləri tərəfindən təlimlər keçilib.
İkigünlük təlimin sonunda iştirakçılara sertifikatlar verilib, onların CV-ləri hotelin əlaqəli struktur rəhbərlərinə təqdim edilib.

 Fəxriyyə Abdullayeva