Ölkəmizin Almaniyadakı səfirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) birgə təşkilatçılığı ilə oktyabrın 28-də Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində klassik musiqi gecəsi keçirilib.
ABİ-nin 90 illik yubileyinə həsr olunan mərasim ittifaqın sədri Xalq artisti, professor Firəngiz Əlizadənin “Zəfər” marşının səslənməsi ilə başlayıb.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək 90 il əvvəl ABİ-nin yaranmasında dahi bəstəkar, müsəlman dünyasında ilk operanın müəllifi, Şərq və Qərb musiqisini bənzərsiz şəkildə birləşdirərək dünya klassik musiqisi inciləri sırasında yer alan əsərlər yaratmış Üzeyir Hacıbəylinin xidmətlərini xüsusi qeyd edib. Bildirib ki, ittifaq fəaliyyəti dövründə Azərbaycan musiqisinin inkişafında mühüm rol oynayıb.
Firəngiz Əlizadənin yaradıcılığı və fəaliyyəti barədə danışan səfir qeyd edib ki, dünyaca məşhur bəstəkar ənənəvi Azərbaycan musiqisini müasir, avanqard texnika ilə füsunkar şəkildə birləşdirərək unikal əsərlər yaradıb.
Sonra çıxış edən Firəngiz Əlizadə Azərbaycanın zəngin musiqi irsinin Berlində nümayiş etdirilməsi baxımından tədbirin əhəmiyyətini vurğulayıb: “Gözəl musiqimizin Almaniyanın paytaxtında səslənməsi çox qürurvericidir”. O, ABİ-nin 90 ildə uğurlu inkişaf yolu keçdiyini deyərək qurumun yubileyinin ölkəmizdən kənarda da qeyd edilməsini əlamətdar hadisə olduğunu bildirib.
Çıxışlardan sonra konsert proqramı təqdim olunub.
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri bədii rəhbər Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Azərbaycan bəstəkarlarının əsərlərini ifa edib. Proqramda Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Asəf Zeynallı, Musa Mirzəyev və Firəngiz Əlizadənin əsərləri yer alıb. Solistlər Əməkdar artist İnarə Babayeva (vokal) və Rövşən Əmrahov (violin) olub.