Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin tərkibində dəyişiklik edilib. Dövlət başçısı bununla bağlı 25 oktyabr 2024-cü il tarixində sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin tərkibi yenilənib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Ensiklopediyanın redaksiya heyətinin sədridir.

Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev və Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar redaksiya heyəti sədrinin müavinləridir.

Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, məsul katibi AMEA-nın vitse-prezidenti akademik Tofiq Nağıyevdir.

Redaksiya heyətinə elm, ali təhsil müəssisələrinin, yaradıcılıq qurumlarının rəhbərləri, akademiklər, tanınmış alimlər – ümumilikdə 34 nəfər daxildir.