Olaylar, faktlar (5 – 8 noyabr)

 

365 il əvvəl...

 

7 noyabr 1659-cu ildə Fransa ilə İspaniya arasında 1635-ci ildə başlanan müharibə Pireney sülhünün imzalanması ilə nəticələnib. İspaniya sərhəd bölgələrdəki bəzi əraziləri, o cümlədən nəzarətində olan Niderlandın bir hissəsini Fransaya verdi. Əvəzində Fransa zəbt etdiyi Kataloniya ərazilərini İspaniyaya qaytardı.

 

107 il əvvəl...

 

7 noyabr 1917-ci ildə Rusiyada tarixə “Böyük Oktyabr Sosialist İnqilabı” kimi düşmüş bolşevik üsyanı qələbə çalıb. Üsyan noyabrın 6-da (köhnə təqvimlə 24 oktyabr) Petroqradda (Sankt-Peterburq) başlanmışdı. “Müvəqqəti hökumət”in yerləşdiyi “Qış sarayı”nın alınması noyabrın 7-nə keçən gecə baş verdi. “Tavriya” zalında çıxış edən Vladimir Lenin hakimiyyətin sovetlərin (bolşeviklərin) əlinə keçdiyini bəyan etdi.

 

105 il əvvəl...

 

5 noyabr 1919-cu ildə Türkiyənin Antep şəhəri Fransa qüvvələri tərəfindən işğal olunub. Bundan öncə, 1918-ci ilin dekabrında şəhər ingilislərin nəzarətinə keçmişdi. Fransız işğalı 1921-ci ilin dekabrınadək sürdü. Qurtuluş savaşında azad olunan şəhər qazilik ünvanı alaraq Qaziantep adlandırıldı.

 

98 il əvvəl...

 

6 noyabr 1926-cı ildə Azərbaycan Radiosu fəaliyyətə başlayıb. Bakıda ilk radiostansiyanın verilişlərinin gündəlik efir vaxtı 2 saat təşkil edirdi. 1956-cı il fevralın 14-də Bakı Televiziya studiyası fəaliyyətə başladı. 6 noyabr Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür.

 

75 il əvvəl...

 

7 noyabr 1949-cu ildə Abşeron yarımadasının 40 km cənub-şərqində, Xəzərin Azərbaycan sektorundakı “Qara daşlar” adlanan yerdə ilk neft quyusu fontan vurub. “Qara daşlar”ın fəthi 1947-ci ildə məşhur neftçi-geoloq, “Azneftkəşfiyyat”ın rəisi Sabit Orucovun rəhbərliyi ilə başlanmış, 1948-ci ilin noyabrında ilk neft desantı ərazidə məskən salmışdı. Sonralar bu yerdə dəniz şəhəri – polad dirəklər üzərində Neft Daşları salındı.

 

57 il əvvəl...

 

8 noyabr 1967-ci ildə Bakı metrosu sərnişinlərə xidmət göstərməyə başlayıb. Paytaxtda 5 yeraltı stansiya – “Bakı Soveti” (“İçərişəhər”) – “26 Bakı komissarı” (“Sahil”) – “28 Aprel” (“28 May”) – “Gənclik” – “Nərimanov” xətti istifadəyə verilib. Respublika rəhbərliyinin iştirakı ilə Bakı metrosunun rəsmi açılışı 6 noyabrda olsa da, metro nəqliyyatı kütləvi istifadəyə 7 Noyabr bayramından (1917-ci il Sosialist inqilabının ildönümü, sovet dövründə qeyri-iş günü idi – red.) sonrakı gün verilib. 8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür.

Hazırladı: V.Orxan