Qəbələdə yerləşən «Tufandağ» dağ-xizək kompleksi turistlər üçün yeni xidmətlər hazırlayır. Kompleksin marketinq direktoru Ruslan Rəhimov bildirib ki, hələlik bu yay mövsümündə «Tufandağ»a gələn turistlər yalnız kanat yollardan istifadə edəcəklər. Kompleksin ərazisində 4 kanat yolu fəaliyyət göstərir.
Direktorun sözlərinə görə, növbəti yay mövsümü üçün yeni xidmət növlərinin, o cümlədən velosipedlə gəzinti, təbiət qoynuna müxtəlif ekskursiyaların təşkili və s. nəzərdə tutulur: «Hazırda kompleksin ərazisində tikinti işləri gedir. Bu səbəbdən də qonaqlarımıza əlavə xidmətlər təklif edə bilmirik. Bununla bərabər, qış mövsümünə də ciddi hazırlaşırıq. Növbəti mövsümdə kanat yollarının uzadılmasını və dag-xizək marşrutlarının yaradılmasını planlaşdırırıq».
Ruslan Rəhimov deyib ki, hazırda kompleksin ərazisində «Qafqaz» brendinə daxil olan hotellər fəaliyyət göstərir. O, ərazidə yeni özəl hotellərin tikildiyini də diqqətə çatdırıb.
Fəxriyyə Abdullayeva