Çelyabinsk Dövlət Mədəniyyət İnstitutunun (Rusiya Federasiyası) əməkdaşı, təcrübəli rəqs ustası Eldar Cəfərov Bakı Xoreoqrafiya Akademiyasında (BXA) ustad dərsləri keçib.
Dərslərdə BXA-nın tələbələrinə rəqslərdə cütlük və ya qrup şəklində ardıcıl icra olunan interaktiv hərəkətlər izah olunub, eyni zamanda müasir rəqslərdə tətbiq olunan yeniliklər barədə məlumat verilib.
Qeyd edək ki, ustad dərsləri BXA və Çelyabinsk Dövlət Mədəniyyət İnstitutu arasında bu yaxınlarda bağlanmış memorandum əsasında təşkil edilib.
***
BXA-da daha bir ustad dərsi hind klassik rəqsi ilə bağlı olub. Dərsi qazaxıstanlı xoreoqraf Akmaral Kaynazarova keçib.
Öncə A.Kaynazarova ilə BXA rəhbərliyi arasında görüş keçirilib. Qonağa akademiyanın təhsil pillələri, dərs prosesi, spesifik dərslərdə tətbiq olunan yeniliklər, eləcə də BXA-nın beynəlxalq əlaqələri barədə məlumat verilib. Qazaxıstanlı xoreoqraf fəaliyyəti, keçdiyi ustad dərsləri haqqında danışıb.
Ustad dərsində BXA-nın müəllimləri, tam orta təhsil pilləsinin şagirdləri və orta ixtisas təhsili pilləsinin tələbələri iştirak ediblər.
A.Kaynazarova şagird və tələbələrə hind rəqslərində bədən hərəkətlərinin dinamikliyi, dramatikliyi və s. barədə məlumat verib. Xoreoqraf hind klassik rəqslərində boyun, göz, baş, gövdə və digər hərəkətləri əyani olaraq göstərib və tələbələrlə birgə ifa edib.