Turizm sənayesi obyektlərində xidmət keyfiyyətinin müasir tələblərə uyğunluğunun və peşə hazırlığı səviyyəsinin öyrənilməsi, eləcə də mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərdə dövlət standartlarına riayət olunmasının yoxlanılması və nöqsanların aradan qaldırılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən monitorinqlər davam edir.
Monitorinqlər eyni zamanda 2015-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan I Avropa Oyunları zamanı ölkəmizə gələcək turistlərə yüksək səviyyədə xidmətlərin göstərilməsini təmin etmək məqsədi daşıyır.
Bu il monitorinqlər üç mərhələdə keçirilir. Birinci mərhələ martın 31-dən aprelin 29-dək aparılıb və Bakı-Abşeron zonasında fəaliyyət göstərən mehmanxana və şirkətləri əhatə edib. İyunun 23-dən respublikanın digər regionlarında başlayan ikinci mərhələnin iyulun 22-dək yekunlaşması nəzərdə tutulur. Üçüncü mərhələdə monitorinqlər yay mövsümündən sonra, oktyabrın 15-dən noyabrın 13-dək Bakı-Abşeron zonası üzrə aparılacaq.
Monitorinqlər zamanı turizm obyektlərində aşkar edilən nöqsanların aradan qaldırılması məqsədilə obyekt rəhbərlərinə xəbərdarlıqlar edilib və bununla bağlı müvafiq tədbirlər görülüb.

Fəxriyyə