Bakıdan Monteneqroya çarter reysləri iyunun 26-dan başlayıb. Uçuşlar həftənin 4-cü günü həyata keçirilir. Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, indiyə qədər 3 reys həyata keçirilib: “Bütün reyslərdə təyyarə dolu olur. Monteneqroda istirahət edib qayıdan vətəndaşlarımız həm hotellərdəki xidmətlərdən, həm də onlara göstərilən münasibətdən çox razılıq edirlər”.
Fəxri konsul qeyd etdi ki, iyulun 21-dən Monteneqroya uçuşlar həftədə 2 dəfə (həftənin 4-cü və 6-cı günü) olacaq: «Biz tələbatı nəzərə alaraq bunu həyata keçiririk. Çarter reysləri sentyabrın 8-dək davam edəcək. Uçuşlar əsasən Tiva hava limanına həyata keçirilir. Bu hava limanı paytaxt Podqoritsadan aralı olsa da, Monteneqronun ən böyük turizm mərkəzlərindən biri olan Budva şəhərinə yaxın məsafədədir. Azərbaycanlı turistlərin də böyük əksəriyyəti Budva şəhərində yerləşən istirahət məkanlarını seçirlər. Budva çoxsaylı çimərlikləri olan sırf turistik məkandır”.
Vüqar Əliyevin sözlərinə görə, Moteneqroda müalicəvi turizm üçün gedənlər o qədər də çox deyil. İqala müalicəvi mərkəzinə bəzən müraciət edənlər olur. Amma turistlər bu ölkədə əsasən tarixi məkanlara reallaşdırılan turlara, mədəni turizm marşrutlarına və çimərlik turizminə maraq göstərirlər.
Qeyd edək ki, Monteneqronun istirahət məkanlarına qiymətlər ilk uçuşlar zamanı bir həftəlik istirahət üçün 600 manatdan (aviabilet, hoteldə qalmaq, gündə 3 dəfə yemək, sığorta) başlayırdı. İndi mövsümün qızğın vaxtı olduğundan qiymətlər artıq 1000 manata yaxındır.

Fəxriyyə Abdullayeva