Soyuq payız axşamlarının birində Avropanın füsunkar ölkələrindən olan İsveçrənin Bazel şəhərində Azərbaycan musiqisinin həzin sədaları ürəkləri qızdırıb. Azərbaycanlı orqan ifaçısı, beynəlxalq müsabiqələr laureatı Şəfəq Abdullayeva və kamança ifaçısı, beynəlxalq müsabiqələr laureatı Mədinə Şahgəldiyeva Azərbaycanın Dostları Assosiasiyasının (İsveçrə) təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Müqəddəs Ruh” katolik kilsəsində konsert proqramı ilə çıxış ediblər.
Konsertin əsas özəlliyi orqan və kamançanın ifasında möhtəşəm səslənmənin, ahəngin və harmoniyanın dinləyicilərə təqdim edilməsi idi. Hər il “Klavier-Orgel festival”ının keçirildiyi bu kilsədə ilk dəfə olaraq Avropanın şah aləti hesab olunan orqanın unikal səs imkanları ilə vəhdətdə Azərbaycan kamançasının sədaları altında rəngarəng musiqi əsərləri səsləndirilib.
Bakı Musiqi Akademiyasında təhsil almış musiqişünas, istedadlı orqan ifaçısı Şəfəq Abdullayeva xeyli müddətdir ki, Azərbaycan bəstəkarlarının əsərlərini, muğam və xalq mahnılarımızı orqan üçün işləyərək müxtəlif konsert proqramları ilə çıxışlar edir. Ü.Hacıbəylinin “Koroğlu” operasından uvertüra, S.Hacıbəyovun “Karvan” simfonik lövhəsi, F.Əmirovun “Şur” simfonik muğamı, “Laçın” xalq mahnısı və ifaçının tələbəlik illərində fortepiano üçün, daha sonra orqan üçün işlədiyi “Humayun” muğamı və bir sıra digər əsərlər Azərbaycanda konsert salonlarında səslənən zaman orqan alətinin hüdudsuz səs imkanlarının, zəngin palitrasının təsiri dinləyiciləri valeh edib. Orqan alətinin səslənmə tərzində Azərbaycan milli ruhunun təcəssümü həmişə maraqla qarşılanıb.
Bazel şəhərində keçirilən konsertdə isə Şəfəq Abdullayevanın orqan və kamança üçün işlədiyi əsərlər ilk dəfə Azərbaycandan kənarda səslənib. Orqan və kamançanın həzin sədalarının bir-birinə qovuşması Avropa tamaşaçısına böyük zövq yaşadıb.
İfaçı konsertdən sonra təəssüratını bölüşərkən deyib: “Öncə İsveçrədə, məşhur kilsədə Azərbaycan musiqisi gününün keçirilməsində təşkilatçılığına görə layihənin müəllifi Arzu Əliyeva-Bodmerə dərin təşəkkürümü bildirirəm. Konsertin yüksək səviyyədə təşkil olunması məhz Arzu xanımın milli musiqimizə, vətənimizə olan dərin sevgisinin təcəssümü idi. Konsert zamanı qürbətdə yaşayan soydaşlarımızla görüş, onların sevgi dolu sözləri həmişə xatirəmizdə yaşayacaq”.
Qeyd edək ki, konsertdə “Bayatı-Şiraz” və “Şur” muğamları, eləcə də Üzeyir Hacıbəyli, Vaqif Mustafazadə və Hacı Xanməmmədovun əsərləri səsləndirilib.
Gecədə həmçinin dünyaca məşhur fotoqraf Andre Cabalinin Azərbaycanın zəngin tarixinə və füsunkar təbiətinə həsr olunmuş fotosərgisi nümayiş etdirilib.
Sonda layihənin müəllifi Arzu Əliyeva-Bodmer çıxış edərək Azərbaycandan kənarda bu cür konsertlərin keçirilməsinin vacibliyini və dövlət qurumlarımızın bu işdə dəstəyinin əhəmiyyətini vurğulayıb.
Musiqi bütün dövrlərdə mədəniyyətlərarası dialoqun əsas vasitələrindən biri olub. Azərbaycan musiqisinin həzin sədaları, orqan və kamançanın əsrarəngiz sehrinin təsiri hələ uzun müddət isveçrəli dinləyicilərin qəlbində yaşayacaq.
Mehparə Rzayeva
musiqişünas