Olaylar, faktlar (15 – 18 noyabr)
16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür (International Day for Tolerance). 1995-ci il noyabrın 16-da UNESCO-nun Baş Konfransında “Tolerantlıq prinsipləri Bəyannaməsi” qəbul edilib və bu tarix Beynəlxalq Tolerantlıq Günü elan olunub.
147 il əvvəl...
16 noyabr 1877-ci ildə Rusiya-Türkiyə müharibəsi gedişində rus qoşunları Qars qalasını ələ keçiriblər. O vaxtdan Rusiyanın nəzarətində qalan Qars 1920-ci ildə Mustafa Kamal paşanın başçılıq etdiyi İstiqlal savaşında işğaldan qurtuldu.
105 il əvvəl...
15 noyabr 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk ali təhsil ocağı – Bakı Dövlət Universiteti fəaliyyətə başlayıb. 1919-cu il sentyabrın 1-də Cümhuriyyət Parlamenti bu barədə qərar qəbul etmişdi.
80 il əvvəl...
15 noyabr 1944-cü ildə Stalinin əmri ilə Gürcüstanın Türkiyə ilə sərhəd bölgəsində yaşayan Ahıska türklərinin deportasiyası başlanıb. Qərar Türkiyənin SSRİ-dəki türk xalqları ilə əlaqələrinin kəsilməsi yönündə aparılan siyasətin davamı idi. Ahıskalılar Özbəkistan, Qazaxıstan və Qırğızıstana köçürüldü. 1989-cu ilin Fərqanə hadisələrindən sonra onların bir hissəsi Azərbaycana pənah gətirdi.
41 il əvvəl...
15 noyabr 1983-cü ildə Şimali Kipr Türk Cümhuriyyətinin yarandığı elan edilib. 1974-cü ilin “Barış hərəkatı”ndan (yunanların türk əhaliyə qarşı qırğınlarını dayandırmaq üçün adaya Türkiyə hərbi kontingentinin yeridilməsi) sonra Şimali Kipr de-fakto müstəqil olmuşdu. ŞKTC indiyədək yalnız Türkiyə tərəfindən tanınıb.
36 il əvvəl...
17 noyabr 1988-ci ildə Bakıdakı Lenin (indiki Azadlıq) meydanında ermənilərin Qarabağ iddialarına və azərbaycanlı əhalinin Ermənistandan deportasiyasına etiraz olaraq kütləvi mitinqlər başlayıb. Dekabrın 4-dək davam edən mitinqlər Azərbaycanın tarixinə milli dirçəliş hərəkatı kimi düşdü. 1992-ci ildə 17 noyabr Milli Dirçəliş Günü elan edildi.
34 il əvvəl...
17 noyabr 1990-cı ildə Naxçıvan MSSR Ali Məclisinin yeni seçilmiş tərkibdə ilk iclası keçirilib. Deputat Heydər Əliyevin sədrliyi ilə keçən iclasda tarixi qərarlar qəbul edilib. Ali Məclisdə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırılıb, muxtar respublikanın adından “Sovet Sosialist” sözləri çıxarılıb.
25 il əvvəl...
18 noyabr 1999-cu ildə İstanbuldakı “Çırağan” sarayında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri layihəsi ilə bağlı tarixi sənədlər imzalanıb. Azərbaycan, Gürcüstan, Türkiyə prezidentləri Heydər Əliyev, Eduard Şevardnadze və Süleyman Dəmirəl hökumətlərarası sazişi, üç ölkənin rəhbəri, habelə ABŞ Prezidenti Bill Klinton və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev layihənin dəstəklənməsinə dair “İstanbul Bəyannaməsi”ni imzalayıblar. 2002-ci ildə inşası başlayan BTC 2006-cı ildə istifadəyə verildi.
14 il əvvəl...
16 noyabr 2010-cu ildə Azərbaycan xalça sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 5-ci sessiyasında (Nayrobi, Keniya) “Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı”na daxil edilib.
Hazırladı: V.Orxan