11-22 noyabr tarixlərində Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) davam edir.

Yüzdən çox ölkədən rəsmi şəxslərin və iqlim üzrə mütəxəssislərin iştirak etdiyi tədbir ölkəmizin tarix və mədəniyyətinin təqdimatı baxımından da əlamətdar hadisədir.

Bu mötəbər tədbirin qonaqları Bakıdakı muzey və qalereyalarda olur, ədəbi-mədəni və tarixi irsimizlə tanışlıq imkanı əldə edirlər.

COP29-la bağlı ölkəmizdə səfərdə olan Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) kimya üzrə mühəndisi Gizem Çakmak Hüseyn Cavidin Ev-Muzeyini ziyarət edib.

Muzeyin əməkdaşları xanım qonağa dahi ədibin həyat və yaradıcılığı haqqında məlumat verib, müəllifin həm də bütün Türk dünyasına xitab etdiyini diqqətə çatdırıb.

Gizem Çakmak dahi şair-dramaturq, mütəfəkkir Hüseyn Cavidin yaradıcılığına olan marağını dilə gətirib, belə bir şəxsiyyətin repressiyaya məruz qalmasından təəssüfləndiyini bildirib. Qonaq Cavidlər ocağından unudulmaz təəssüratla ayrılıb.