18 noyabr – Beynəlxalq İslam İncəsənəti Günü mədəniyyət təqvimində yeni tarixlərdən biridir. 2019-cu ildə UNESCO Baş Konfransının 40-cı sessiyasında təsis edilib.

Bu əlamətdar günün qeyd edilməsi İslam aləminin tarixi və müasir mədəniyyətinin incəsənət vasitəsilə sivilizasiyaya verdiyi töhfələr haqqında məlumatlılığı artırmaq məqsədi daşıyır.

UNESCO-nun bu barədə müraciətində deyilir: “Beynəlxalq İslam İncəsənəti Gününün dünya miqyasında qeyd olunması təkcə digər bədii cərəyanlara ilham verən İslam incəsənətinin qiymətləndirilməsini təşviq etmir, həm də mədəni müxtəlifliyə, ifadə azadlığına, mədəni irsin qorunmasına və mədəniyyətlərarası dialoqa töhfə verir. Bu əlamətdar günün qeyd olunması xalqlar arasında tolerantlığı inkişaf etdirmək və mədəni yaxınlaşmanı dəstəkləmək üçün bir yoldur və onların hər ikisi incəsənətin gücü ilə mümkündür”.

İslam incəsənətinin müxtəlifliyi zaman və coğrafiya meyarlarında onun müxtəlifliyini əks etdirir. İslam incəsənəti daima yenidən nəzərdən keçirilir və yenidən kəşf edilir; o, xəttatlıqdan rəqsə və keramikadan musiqiyə, metal işləməyə qədər saysız-hesabsız sənət növlərini əhatə edir.

Qeyd edək ki, Azərbaycan İslam dünyasında zəngin mədəni irsi və rəngarəng incəsənəti ilə seçilən ölkələrdən biridir. Azərbaycanın UNESCO-nun müvafiq siyahılarına daxil edilmiş 23 qeyri-maddi mədəni irs nümunəsinin 13-ü məhz incəsənətlə bağlıdır.