XIX əsrin sonlarında çar ordusunun topoqraf-generalı İbrahim ağa Vəkilov Yelena Yefimova adlı bir rus qızı ilə ailə qurur. Ancaq dini mənsubiyyət fərqləri üzündən uzun illər nikahlarını rəsmiləşdirə bilmirlər... Günlərin birində Yelena qəzetdə oxuyur ki, bir azərbaycanlı şair qraf Lev Nikolayeviç Tolstoya məktub yazıb. O, məşhur yazıçıdan “İnsana çoxmu torpaq lazımdır?” adlı əsərini Azərbaycan dilində nəşr etmək üçün icazə istəyib… Yelena məlumatı İbrahim ağaya danışır. Deyir ki, biz də Tolstoya məktub yazaq, ondan məsləhət alaq: övladlarımız müsəlmanlığı qəbul etsin, yoxsa pravoslav kimi qalsın.
Onların Tolstoya məktubu və aldıqları cavab başqa bir yazının mövzusudur. Bu yazıda isə görkəmli rus yazıçısına məktubla müraciət etmiş qələm sahibindən söhbət açacağıq. O, dövrünün tanınmış şairi Abbas ağa Nazir (Qayıbzadə) olub. Lirik, satirik şeirləri, qəzəlləri, mənzumə və rübailəri ilə ədəbi xəzinəmizə töhfə verən, maarif-mədəniyyət carçısı kimi də tanınan şairi anadan olmasının 175 illiyi münasibətilə yada saldıq.
Abbas ağa Mirzə Nəbi oğlu Qayıbzadə 1849-cu ildə Qazax qəzasının Salahlı kəndində ziyalı ailədə dünyaya göz açır. Atası oğlunun təlim-tərbiyəsi ilə özü məşğul olur. O, erkən çağlardan poeziyaya maraq göstərir. İstedadlı gənc kimi Tiflisə oxumağa gedir. Orada üçillik təhsilini başa vurduqdan sonra Salahlıya qayıdır. Bir müddət kənddə müəllimlik edir. Sonra Tiflisdə Zaqafqaziya Ruhani İdarəsində işləyir.
Abbas ağa yaradıcılığa da vaxt ayırır. Görkəmli ədib Cəlil Məmmədquluzadənin məsləhəti ilə Əbülqasım Firdovsinin “Şahnamə” əsərindən “Rüstəm və Söhrab” hekayətini dilimizə tərcümə edir. Tərcümə 1908-ci ildə “Qeyrət” mətbəəsində məşhur rəssam İozef Rotterin rəngli şəkilləri ilə nəşr edilir. Xalq şairi Səməd Vurğun sonralar Abbas ağanın tərcüməsini yüksək qiymətləndirərək yazıb: “Mən “Rüstəm və Söhrab”ın o dövrdəki ilk tərcüməsini necə maraq və məhəbbətlə oxuduğumu yaxşı xatırlayıram...”.
Abbas ağa Nazirin yaradıcılığı görkəmli maarifçi, ədəbiyyatşünas Firidun bəy Köçərlinin də diqqətini çəkir, o, gənc şairlə məktublaşır. F.Köçərli 1911-ci il oktyabrın 10-da Abdulla Şaiqə göndərdiyi məktubunda ondan da bəhs edir: “Dağların vəsfində Qazax şairlərindən Mustafa ağa Arifin, Kazım ağa Salik və Abbas ağa Nazirin gözəl şeiriləri var ki, məcmuəmə daxil edilib... Abbas ağa Nazirin “Bəyani-halım” namında xeyli məğrub bir əsəri var. Əgər oxusanız, xoşunuza gələr. Əfsus ki, çap olunmayıb. “Rüstəm və Söhrab”ın tərcüməsi, “Millətə xitab”, “Molla və şeytan”, “İnsana çoxmu torpaq lazımdır?” və qeyriləri. Abbas ağa çox qabil və xoştəb şairdir. Amma çoxları onu tanımır, o cəhətə ki, özünü nəzərə verən adam deyil”.
Abbas ağa Nazirin 60 yaşı münasibətilə F.Köçərli bir məqalə yazır və onu millət və Vətən üçün atəşin təranələr oxuyan həqiqi şair adlandırır: “Həqiqi şair... millət və Vətən yolunda canlar fəda etmək lazım isə Vətən oğullarının ürəyinə yandırıcı od salıb onları hər qisim fədakarlığa və cannisarlığa şövqməd eləsin”.
F.Köçərli “Balalara hədiyyə” kitabına A.Nazirin “Vətən”, “Qarayazı meşəsinin vəsfi və ovçuların zülmü” və digər şeirlərini daxil edib.
Yazının əvvəlində qeyd etdiyimiz kimi, Abbas ağa dahi rus yazıçısı Lev Tolstoyla məktublaşıb və “İnsana çoxmu torpaq lazımdır?” əsərini dilimizə tərcümə edib.
Araşdırmalardan məlum olur ki, o, 24 fevral 1909-cu ildə L.Tolstoya ünvanladığı məktubda yazır: “Hörmətli cənab qraf Lev Nikolayeviç! Mən bir müsəlman şairi kimi öz müsəlman həmməzhəblərimi Sizin əsərinizlə tanış etmək istədim. “İnsana çoxmu torpaq lazımdır?” başlıqlı əsərinizi tatar-Azərbaycan dilinə nəzmlə tərcümə etmək xoşbəxtliyinə nail oldum. Ona görə də Sizdən izhari-hörmətlə xahiş edirəm ki, yuxarıda göstərilən tərcümənin nəşrinə və yayılmasına lütfən icazə verəsiniz. Hörmət və ehtiramla: Abbas ağa Qayıbov”.
Çox keçmir, Tolstoydan cavab məktubu gəlir: “Mən artıq iyirmi ilə yaxındır ki, arzu edənlərin hamısına mənim 1881-ci ildən sonra yazdığım bütün yazıları istənilən dilə tərcümə və yenidən nəşr etmək ixtiyarı vermişəm. Odur ki, üzərinizə götürdüyünüz zəhmət üçün Sizə yalnız təşəkkür edə bilərəm. Lev Tolstoy”.
A.Nazir maarif və mədəniyyət mövzusunda da əsərlərin müəllifidir. O, təhsilin, elmin səmərəsindən bəhs edərək yazır ki, harada məktəb yoxsa, ora virandır. Abad o yerdir ki, məktəbi var. Hər kim bəxtli olmaq istəyirsə, səadət axtarırsa, məktəbə getsin. İnsanı zülmətdən azad edən də, qəflətdən oyadan məktəbdir.
Çoxdur elmin gözəl-gözəl əsəri,
Qayəsizdir şirin-şirin səməri.
Hər kimin yoxdur elmdən xəbəri,
Günü bişək keçər yaman, oğlum...
1912-ci ildə Tiflisdə M.F.Axundzadənin 100 illiyi ilə bağlı Gürcü Zadəganlar Cəmiyyəti Teatrında tədbir keçirilir. F.Köçərli yubiley gecəsini A.Nazirin böyük dramaturqa həsr etdiyi şeir ilə açır.
Abbas ağa Naziri bizdən çox-çox uzun illər ayırır. Ancaq onun günümüzə gəlib çatan “Vətən təranəsi”, “1905-ci il inqilab cərəyanına dair”, “Nəsihət”, “Məktəb”, “Könül, aldanma çərxa, bivəfadır”, “Bax”, “Təxmisi-qəzəli-Füzuli Bağdadi”, “İki qardaş”, “Qış vaxtı varlı və füqəra güzəranı”, “Millətə xitab” , “Ədəbiyyat” və s. şeirləri bu gün də öz poetik əhəmiyyətini qoruyub saxlayır.
Bütün varlığı ilə ədəbiyyata, poeziyaya bağlı olan şair ömrünün müdrik çağlarında “Bax” adlı qəzəlində yazır ki, tale məni övlad qismətindən məhrum etdi. Ancaq bunun üçün o qədər də qəm etmirəm. Çünki min bir əziyyətlə ana dilimə çevirdiyim “Rüstəm və Söhrab” mənim oğlumdur.
Maarifçi nəslin yetişməsində də fədakarlıq göstərmiş Abbas ağa Nazir 30 dekabr 1919-cu ildə, 70 yaşında vəfat edib. Dünyaya göz açdığı Salahlı kəndində dəfn olunub.
Savalan Fərəcov