BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Bakıya gələn əcnəbi qonaqlar üçün mədəni proqram tərtib olunub. Onlar paytaxtdakı muzeyləri də maraqla ziyarət edirlər.
Beynəlxalq Muzeylər Şurasının (ICOM) baş direktoru Medea Ekner və qurumun Kommunikasiya şöbəsinin rəhbəri Kristian Soberq Azərbaycan Milli İncəsənət Muzeyində olublar.
Direktor Şirin Məlikova qonaqlara muzeyin tarixi, zəngin kolleksiyası, mədəni və təhsil proqramları, digər fəaliyyət sahələri haqqında məlumat verib. Milli İncəsənət Muzeyinin ICOM-un irəli sürdüyü devizlər istiqamətində müxtəlif layihələrlə aktiv iştirak etdiyi nəzərə çatdırılıb.
ICOM təmsilçiləri muzeyin daimi ekspozisiyası, COP29 çərçivəsində açılmış “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı”, “Vəcihə Səmədova – 100: sənətkar ömrünün səhifələri”, rəssam Məmməd Mustafayevin “Gizli və aşkar” sərgiləri ilə tanış olub, öz təəssüratlarını xatirə kitabına yazıblar.
Ziyarət zamanı ICOM ilə Milli İncəsənət Muzeyi arasında əməkdaşlığa dair fikir mübadiləsi də aparılıb.
***
COP29 çərçivəsində Azərbaycanda səfərdə olan Malayziyanın paytaxtı Kuala Lumpurun meri, BMT-nin Məskunlaşma Proqramının (UN-HABİTAT) sabiq icraçı direktoru xanım Maimunah Mohd Şərif də Milli İncəsənət Muzeyini ziyarət edib.
Direktor Şirin Məlikovanın müşayiəti ilə muzeylə tanış olan qonaq görkəmli Azərbaycan rəssam və heykəltaraşlarının daimi ekspozisiya və sərgilərdə nümayiş etdirilən əsərlərinə maraqla baxıb.
Xatirə dəftərinə ürək sözlərini yazan Maimunah Mohd Şərif muzeydən xoş təəssüratla ayrılıb.
***
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə də bu günlərdə COP29 iştirakçısı olan çoxlu sayda qonaq gəlir. Onların arasında Braziliya Xarici Əlaqələr Nazirliyinin müşaviri Qabriela Vieria da olub.
Muzeyin direktoru akademik Rafael Hüseynov qonaqla görüşüb. Səmimi söhbətdən sonra muzeydən braziliyalı diplomata “Nizami muzeyinin xalçaları” kitabı hədiyyə edilib.
Bakıya səfəri ilə bağlı təəssüratını bölüşən Qabriela Vieria qeyd edib ki, gələn il COP30 Braziliyada keçiriləcək. O, ölkəmizdə keçirilən tədbirlərdən çox faydalandığını, xüsusən könüllülərin fəaliyyətindən razı qaldığını deyib.
***
COP29-a qatılan Bəhreyn Krallığının nümayəndələri – ətraf mühitin mühafizəsi üzrə layihə mühəndisi Cihad Cəfər və memar Xulud əl-Əkbər də Nizami muzeyində olublar.
Onlar muzeydə Ərəb xilafəti, Xətib Təbrizi və Əbüləla əl-Məərri, İsmayıl ibn Yəsar haqqında məlumatları maraqla dinləyib, “Dörd fəsil” mövzusunda Təbriz xalçasına (XX əsr), Nizami Gəncəvinin “Xəmsə”si əsasında 1939-1941-ci illərdə Bakıda toxunmuş xalçalara baxıblar.
Qonaqlara muzeyin nəşrlərindən “Məhsəti Gəncəvi. Portret-oçerk” (ərəb dilində) və “Nizami muzeyinin xalçaları” kitabları təqdim olunub.
***
Polşa İqlim və Ətraf Mühit Nazirliyinin dövlət katibi və nazir müavini Kşiştof Bolesta və nümayəndə heyəti Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib.
Qonaqlara Azərbaycanın zəngin mədəni və tarixi irsini əks etdirən eksponatlar barədə geniş məlumat təqdim olunub. Həmçinin muzeyin yerləşdiyi bina – məşhur polşalı memar İosif Qoslavskinin layihəsi əsasında inşa edilən tarixi tikili barədə ətraflı informasiya verilib.
Ekspozisiyadan böyük təəssürat aldığını vurğulayan Kşiştof Bolesta qeyd edib ki, polşalı memarların layihələri əsasında inşa edilmiş binalar Azərbaycan-Polşa mədəni əlaqələrinin tarixi köklərini əks etdirir.